Dağılan yollar və saxta hesabatlar: ADSEA-nın idarəçilik böhranı

Dağılan yollar və saxta hesabatlar: ADSEA-nın idarəçilik böhranı

Sumqayıtın infrastrukturunda hökm sürən bərbad və dözülməz vəziyyət artıq hüdudlarını aşaraq real fəlakət həddinə çatıb. Şəhər sakinləri hər gün addımbaşı səthi qazıntılarla, dərindən qazılıb aylarla sahibsiz qoyulan, bərpa olunmayan yollarla və nəzarətsiz qalan kommunal xətlərlə qarşılaşırlar. İnsanlar haqlı olaraq sual edirlər ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və onun Sumqayıt şəhər idarəsi ümumiyyətlə nə işlə məşğuldur, onların birbaşa vəzifə borcu və funksiyası nədən ibarətdir?

Şəhərin 9, 10 və 12-ci mikrorayon ərazilərində aylarla səngiməyən, yalnız əhalinin gediş-gəlişini çətinləşdirən qazıntı işləri aparıb, sonda texnikasını yığaraq ərazidən çıxıb gedən bu qurumlar eyni səriştəsizliyi Heydər Əliyev prospektində də nümayiş etdiriblər. Şəhərin həyati əhəmiyyət daşıyan kommunal xətləri nəzarətsiz qalıb, rəhbərlik isə baş verənlərə sadəcə kənardan tamaşa etməklə kifayətlənir.

Əslində, bu qurumun illərdir gördüyü əsas "iş" el arasında "paz" vurmaqdan ibarətdir. Harada bir kommunal problem yaranır, harada qəza baş qaldırır, dərhal oranı qazıb, su axan nöqtəyə taxta və ya müvəqqəti paz vurub aradan çıxırlar. Bütün bu bərbad və səthi "təmir" şoularına dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Görəsən, bu saxta pazlamalara və gözdən pərdə asmaq məqsədilə görülən işlərə nə qədər dövlət vəsaiti silinir, milyonlarla manat pul kimlərin cibinə axır? Nə üçün bu talançılığa, büdcə vəsaitlərinin açıq-aşkar silinməsinə heç kəs nəzarət etmir, aidiyyəti qurumlar niyə susur?

Sumqayıtda mövcud olan əsas beş kollektor sistemindən üçünün tamamilə yararsız, zədəli və bərbad vəziyyətdə olması açıq-aşkar sübut edir ki, bu qurumda real iş fəaliyyəti mövcud deyil. Xalid Quliyevin rəhbərlik etdiyi Sumqayıt Sukanal İdarəsi və aidiyyəti qurumlar öz vəzifələrinin öhdəsindən gəlməkdə tamamilə acizdirlər, çünki şəhərin əsas kollektorları işləmir və funksiyasını itirib. Ən dəhşətlisi odur ki, hazırda heç bir intensiv yağış və ya fövqəladə təbii fəlakət yoxdur ki, məsuliyyətsiz məmurlar işin həcminə çatdıra bilmədiklərini bəhanə etsinlər. Bütün bunlar açıq şəkildə dərin peşəkarlıqsızlığın, idarəetmədəki boşluqların və total nəzarətsizliyin birbaşa nəticəsidir.

Vətəndaşların rahatlığı və təhlükəsizliyi qurum rəhbərliyinin vecinə də deyil, hər kəs yalnız şəxsi maraqları və kabinet rahatlığı ilə məşğuldur.

Bu səriştəsizliyin canlı sübutu olaraq, Sumqayıtın Üzeyir Hacıbəyov küçəsindəki avtomobil yolunda baş verən irimiqyaslı çökmə artıq gözlənilən faciənin xəbərçisidir. Yolun çökmüş hissəsi getdikcə genişlənərək birbaşa yaşayış binasına doğru irəliləyir və vəziyyət hər ötən saat daha da təhlükəli şəkil alır. Mövcud təhlükəli durum təkcə nəqliyyatın hərəkətini deyil, eyni zamanda yaxınlıqdakı obyektləri və yaşayış binalarını da birbaşa hədəfə alıb, çünki onların hər an uçma ehtimalının olduğu açıq şəkildə bildirilir. İlkin məlumatlar və yerində aparılan təhlillər göstərir ki, yolun altından keçən iridiametrli kanalizasiya kollektorunun partlaması nəticəsində asfalt örtüyü tamamilə çöküb və bu dağıntı mərkəzi hissələrə doğru genişlənir.

Hadisə yerində yalnız formal olaraq bəzi təhlükəsizlik və mühafizə tədbirləri görüldüyü iddia edilsə də, problem kökündən həll olunmur və heç bir real addım atılmır. Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsindən verilən növbəti formal açıqlamada guya əraziyə baxış keçirildiyi və insanların təhlükəsizliyi nəzərə alınaraq sahənin mühafizəyə götürüldüyü bildirilir. Lakin bu cür ucuz bəhanələr artıq heç kəsi aldatmır, çünki problem ört-basdır edilməyə çalışıldıqca daha da böyüyür. Vətəndaşların həyatı və əmlakı hər gün real təhlükə altındadır, rəsmi qurumlar və idarə rəhbərliyi isə yalnız kağız üzərində hesabat verməklə məşğuldur.

Şəhərin kanalizasiya sistemi göz görə-görə çürüyür, yollar çökür, məsul şəxslər isə baş verənlərə səssizliklə baxa-baxa əhalini aldatmağa davam edirlər. Dövlət qurumlarının bu cür laqeyd, məsuliyyətsiz və cinayətkar dərəcədə səthi münasibəti Sumqayıt sakinlərinə qarşı hörmətsizlikdir və bu özbaşınalığa dərhal son qoyulmalıdır.

Əgər ADSEA və onun Sumqayıt idarəsi, həmçinin Xalid Quliyev kimi rəhbərlər öz vəzifələrini yerinə yetirməyi bacarmırlarsa və şəhərin dağılan infrastrukturunu idarə etməyə qadir deyillərsə, o zaman istefa verib getməlidirlər. Xalqın səbr kasası artıq dolub, hər an baş verə biləcək daha böyük insan itkilərinin və texniki faciələrin qarşısını almaq üçün təcili, sərt tədbirlər görülməli, günahkarlar isə qanun qarşısında cavab verməlidirlər.

Əli Səfərli,

NOCOMMENT.az