Azərbaycan ailə modelinin, demoqrafik gələcəyinin və cəmiyyətin mənəvi-sosial sütunlarının necə sarsıldığını görmək üçün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında açıqlanan son rəsmi hesabatın rəqəmlərinə baxmaq kifayətdir. Dövlət Komitəsinin hesabatında əksini tapan dəhşətli statistika – təkcə 2025-ci ildə ölkədə 95 117 abortun qeydə alınması, cəmiyyətin çox ciddi bir sosioloji bəla ilə üz-üzə qaldığının birbaşa sübutudur.
İldən-ilə həndəsi silsilə ilə artan abort sayı (2021-ci ildəki 46 877-dən bu gün 95 mindən yuxarı qalxması) artıq sadəcə tibbi deyil, milli təhlükəsizlik və mənəviyyat problemidir. Ən ağrılı mənzərə isə bu prosesdə "qatil ana" adlandırıla biləcək qrupun gəncləşməsidir; 18-19 yaşlı gənc qızlar arasında 3 178, yetkinlik yaşına çatmayan 15-17 yaş qrupunda isə 66 abort faktının qeydə alınması sosial fəlakətin miqyasından xəbər verir. Doğulanda cins nisbətinin hər 100 qıza 113 oğlan təşkil etməsi, selektiv abortların hələ də ailələrin gələcək genofondunu necə amansızcasına şikəst etdiyini göstərir. Kontrasepsiya vasitələrindən cəmi 31 min qadının istifadə etməsi fonunda 95 min körpənin işıqlı dünyaya gəlmədən ana bətnindəcə həyatına son qoyulması ölkədə ciddi maarifləndirmə və sosial siyasət boşluğunun olduğunu qaçılmaz edir.
Məsələ ilə bağlı sosioloq Gülər Hacıəhmədova NOCOMMENT.az-a bildirib ki, abortların sayının son 4 ildə iki dəfədən çox artması Azərbaycan cəmiyyətində dəyərlər aşınmasının və ailə institutunun institusional böhranının göstəricisidir: "Təqdim olunan rəqəmlər sadəcə quru statistika deyil, cəmiyyətimizin demoqrafik intiharının anonsudur. Xüsusilə 15-19 yaş qrupundakı gənc qızlar arasında abortların bu həddə çatması həm erkən nikahların, həm də nikahdankənar münasibətlərin sosioloji fəsadıdır. Gənclər arasında cinsi tərbiyənin, ailə planlamasının olmaması, reproduktiv sağlamlıq barədə maarifləndirmənin sıfır səviyyəsində qurulması bu faciəvi mənzərəni qaçılmaz edir. Biz ana bətnində körpələri məhv edən bir nəsil yetişdiririk və bu, gələcəkdə həm demoqrafik qocalmaya, həm də mənəvi deqradasiyaya yol açacaq".
Onun sözlərinə görə, qadınların abortu bir kontrasepsiya (hamiləlikdən qorunma) üsulu kimi görməsi iqtisadi və psixoloji çətinliklərlə yanaşı, cəmiyyətdə məsuliyyət hissinin itməsindən qaynaqlanır: "Hesabatda da görünür ki, qoruyucu vasitələrdən istifadə edənlərin sayı abort edənlərdən üç dəfə azdır. İnsanlar planlaşdırılmamış hamiləlikdən qorunmaq əvəzinə, çarəni abort adlı tibbi qətldə görürlər. Burada həm də iqtisadi amillər, ailələrin uşaq böyütməkdən qorxması, sosial təminat məsələləri də rol oynayır. Lakin ən qorxulusu mental düşüncədə qalan qız uşaqlarının arzuolunmaz elan edilməsi və selektiv abortların davam etməsidir. 100 qıza 113 oğlan nisbəti gələcəkdə ailə qura bilməyən subay kişilər ordusunun yaranmasına və gender balansının kəskin pozulmasına gətirib çıxaracaq".
Sosioloq qeyd edib ki, dövlət səviyyəsində təxirəsalınmaz qabaqlayıcı tədbirlər görülməsə, bu tendensiyanın qarşısını almaq mümkün olmayacaq: "Abortların bu həddə çatması artıq qırmızı xəttin keçilməsidir və çox təhlükəli bir pik nöqtədir. Ötən il 26 ananın elə doğuş zamanı həyatını itirməsi də tibbi və sosial infrastrukturun bu yükü daşımaqda çətinlik çəkdiyini göstərir. Səhiyyə Nazirliyi və Dövlət Komitəsi birgə proqramlar hazırlamalı, televiziyalarda, sosial şəbəkələrdə, məktəblərdə ailə planlaması dərsləri keçirilməlidir. Abort hüquqi cəhətdən qadağan olunmasa da, tibbi zərurət xaricində onun əlçatanlığı çətinləşdirilməli, psixoloji xidmət məcburi addıma çevrilməlidir. Əks təqdirdə, biz hər il bütöv bir şəhərin əhalisi qədər gələcəyimizi öz əlimizlə yox etməyə davam edəcəyik".
Tunar,












