Estetikaya qurban gedənlər: Həkim səhlənkarlığı, yoxsa nəzarətsizlik?

Estetikaya qurban gedənlər: Həkim səhlənkarlığı, yoxsa nəzarətsizlik?

Gözəllik arzusu ilə əməliyyat masasına uzanan qadınların son zamanlar həyatları ilə risk etməsi cəmiyyətdə ciddi narahatlıq doğuran əsas mövzulardan birinə çevrilib. Son olaraq "Kəpəz" Hospitalında baş verən faciə – Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun plastik əməliyyatdan sonra dünyasını dəyişməsi bu sahədəki dözülməz boşluqları və nəzarətsizliyi bir daha üzə çıxardı. İddialara görə, məlum əməliyyatı həyata keçirən cərrah Seymur Məmmədovun adı daha əvvəl də iki nəfərin – 1989-cu il təvəllüdlü Nilufər Abdullanın və 1991-ci il təvəllüdlü Pərvanə Mirzəyevanın Yasamal rayonundakı "Etalon" klinikasında ölümü ilə nəticələnən ağır insidentlərdə hallanıb. Ardıcıl olaraq ölüm hadisələrinin qeydə alınması cəmiyyətdə haqlı olaraq sərt suallar doğurur: məsuliyyətsizlik haradan qaynaqlanır və bu cür halların qarşısı niyə vaxtında alınmır? Hüquq-mühafizə orqanları, xüsusilə Nəsimi rayon prokurorluğu tərəfindən faktla bağlı araşdırmalara başlanılsa da, problem yalnız hüquqi müstəvidə deyil, həm də tibbi etikada və peşəkar məsuliyyətsizlikdə kök salıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tanınmış estetik cərrah İlkin Həmidov bildirib ki, hər bir cərrahi müdaxilə özündə müəyyən risklər daşıyır, lakin peşəkarlıq və xəstənin hərtərəfli müayinəsi bu riskləri minimuma endirməlidir. O, qeyd edib ki, bəzi hallarda həkimlərin təkəbbürü və ya klinikaların texniki imkanlarının qeyri-kafi olması faciələrə qapı açır: "Təəssüflər olsun ki, günümüzdə estetik əməliyyatlara birtərəfli, yalnız maddi maraq üzərindən yanaşanlar az deyil. Həkim hər şeydən əvvəl qarşısındakı insanın həyatını xilas etmək və ya qorumaq öhdəliyini daşıyır, əməliyyat salonu isə şou yeri deyil". Mütəxəssis vurğulayıb ki, pasiyentin fizioloji və psixoloji vəziyyəti ətraflı dəyərləndirilmədən bıçaq altına yatırılması birbaşa cinayətə bərabərdir və bu sahədə qanunvericiliyin tələbləri daha da sərtləşdirilməlidir.

Plastik cərrahiyyə sahəsində baş verən son faciələr göstərir ki, birtərəfli həvəslər və bəzi həkimlərin məsuliyyətsiz yanaşması günahsız insanların həyatına mail olur. Reklam və vizual gözəllik cazibəsinə aldanaraq həyatını təhlükəyə atan xanımlar bəzən sadəcə təcrübəsizliyin qurbanına çevrilirlər. Lisenziyasız fəaliyyət göstərən və ya xəstə təhlükəsizliyini arxa plana keçirən klinikalara qarşı ciddi tənzimləmə mexanizmləri tətbiq edilməsə, bu qara statistika artmaqda davam edəcək. Cəmiyyət və aidiyyəti qurumlar artıq göz yummalı deyil, çünki heç bir estetik prosedur insan həyatından üstün ola bilməz. Hər bir cərrah üzərinə düşən mənəvi yükü və qanuni məsuliyyəti dərk etməli, dövlət strukturları isə tibb müəssisələrinə nəzarəti maksimum səviyyəyə çatdırmalıdır.