Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan ünvanına səsləndirdiyi xoş, dəyərli və səmimi fikirlərə görə rəsmi "X" sosial şəbəkə hesabında minnətdarlığını ifadə edib. Dövlət başçısının paylaşımında iki qonşu ölkə və xalq arasındakı tarixi köklərə, eləcə də sınaq anlarında nümayiş etdirilən həmrəyliyə xüsusi diqqət çəkilərək bildirilib ki, Azərbaycan və İran xalqları ən dar, ən çətin günlərdə belə hər zaman bir-birinin arxasında, çiyin-çiyinə dayanıblar. Bölgədə yaşanan son gərginliklər, qlobalmiqyaslı çağırışlar və mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın qonşu İran xalqının yanında olduğu bir daha əməli şəkildə özünü göstərdi. Xatırladaq ki, bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkian ölkəsinin yaşadığı ağır müharibə dönəmində Azərbaycanın göstərdiyi mühüm, həyati əhəmiyyətli dəstəyi açıq şəkildə etiraf etmişdi. O vurğulamışdı ki, müəyyən məhdudiyyətlər və çətinliklər yaranan zaman rəsmi Bakı ilə aparılan operativ danışıqlar nəticəsində qısa müddətdə bütün rabitə yolları, səfirlik fəaliyyəti, bank əməliyyatları və nəqliyyat marşrutları yenidən bərpa olunub, Azərbaycan müxtəlif istiqamətlərdən, o cümlədən zəruri tədarüklərin həyata keçirilməsində və logistik dəstəyin təmin olunmasında İrana hər cür köməklik göstərib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Əli Əkbəroğlu bildirib ki, iki ölkə arasında son dövrlərdə formalaşan bu cür konstruktiv, səmimi və praqmatik dialoq regional təhlükəsizliyin, eləcə də sabitliyin qorunması baxımından müstəsna əhəmiyyət daşıyır: "Məsud Pezeşkianın səsləndirdiyi etiraflar və Prezident İlham Əliyevin buna verdiyi adekvat, uzaqgörən və isti reaksiya qəti şəkildə göstərir ki, Bakı və Tehran münasibətlərində yeni, qarşılıqlı etimada və hörmətə əsaslanan keyfiyyətcə yeni səhifə açılıb. Çətin sınaq anlarında qonşunun üzləşdiyi problemlərə laqeyd qalmamaq, əksinə, bütün imkanlarla dəstək əlini uzatmaq həqiqi müstəqil siyasətin, güclü dövlətçilik ənənələrinin və qüsursuz yaxşı qonşuluq münasibətlərinin əsas göstəricisidir. Azərbaycan hər zaman sübut edib ki, o, qonşuluğunda baş verən proseslərə təmkinlə yanaşır, sülhün, əməkdaşlığın və qarşılıqlı faydalı tərəfdaşlığın qəti tərəfdarıdır. İran rəhbərliyinin səviyyəsində səslənən bu cür təşəkkür dolu sözlər ise ölkəmizin regiondakı nüfuzunun, həyata keçirdiyi müdrik xarici siyasətin növbəti təntənəsidir. Cənubi Qafqazda və Yaxın Şərqdə baş verən proseslərin hər an qlobal miqyas ala biləcəyi, geosiyasi dalğalanmaların dərinləşdiyi bir dövrdə Azərbaycanın sərgilədiyi bu humanizm və dövləti yanaşma regionda sülhün və təhlükəsizliyin bərqərar olunmasına mühüm töhfə verir, eyni zamanda gələcək iqtisadi və siyasi əməkdaşlıq perspektivləri üçün olduqca möhkəm zəmin yaradır".
O qeyd edib ki, iki ölkə arasında iqtisadi, nəqliyyat və humanitar sahələrdə əlaqələrin daha da dərinləşməsi həm Azərbaycanın tranzit potensialının artmasına, həm də bütövlükdə regionun inkişafına güclü təkan verəcək.
Tunar,
NOCOMMENT.az










