Şahmatçı Vasif Durarbəyli Gənclər və İdman Nazirliyini (GİN) məhkəməyə verib.
NOCOMMENT.az xəbər verir ki, Durarbəyli sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Azərbaycan Şahmat Federasiyası ilə bağlı şikayətinin GİN tərəfindən araşdırılmadığını bildirib.
Şahmatçı iddia edir ki, hüquqlarının Azərbaycan Şahmat Federasiyası tərəfindən pozulduğunu düşünərək məsələ ilə bağlı GİN-ə müraciət edib. Lakin nazirlik federasiyanın qeyri-hökumət təşkilatı olduğunu əsas gətirərək “federasiyanın fəaliyyətinin araşdırılması Gənclər və İdman Nazirliyinin səlahiyyətləri xaricindədir” cavabını verib.
Durarbəyli bu yanaşmanı tənqid edərək nazirliyin akkreditə etdiyi federasiyada baş verdiyi iddia olunan hüquq pozuntusunun hansı dövlət qurumu tərəfindən araşdırılmalı olduğunu sual edib:
“Əgər GİN akkreditə etdiyi federasiyada baş verdiyi iddia edilən hüquq pozuntusunu araşdıra bilmirsə, onda belə hallarda idmançı hansı dövlət qurumuna müraciət etməlidir? Belə çıxır ki, nazirlik federasiya qarşısında səlahiyyətsizdir?”
O bildirib ki, 2024-cü ildə etdiyi müraciət də araşdırılması üçün elə Azərbaycan Şahmat Federasiyasının baş katibinə göndərilib.
“İdmançı federasiya ilə problem yaşayır, nazirliyə müraciət edir, nazirlik isə məktubu araşdırılması üçün həmin federasiyaya göndərir. 2024-cü ildə mənə də eyni şey oldu. Məktub federasiyanın baş katibinə göndərildi. Nəticəsi barədə isə mənə heç bir məlumat verilmədi”, – deyə Durarbəyli bildirib.
Şahmatçı hesab edir ki, mövcud vəziyyət idmançıların federasiyalarla mübahisələrində effektiv müdafiə mexanizminin olmadığını göstərir.
“Beləliklə, idmançının çox seçimi qalmır: ya məhkəmə, ya da ölkəni tərk etmək. Məhkəmə xərcli və ağır yoldur. Üstəlik, hər münaqişə də qanun pozuntusu deyil. Məhkəmənin həll edə bilməyəcəyi, amma müstəqil bir idman nəzarəti mexanizminin həll edə biləcəyi münaqişələr çoxdur”, - deyə o vurğulayıb.
Durarbəyli qeyd edib ki, federasiya ilə münaqişələr səbəbindən Azərbaycanı tərk edən güclü idmançılar olub. O, atlet Ramil Quliyevi nümunə göstərib.
Şahmatçı özü üçün də xaricə getmək variantının olduğunu açıqlayıb:
“Mən istəsəm rahatlıqla başqa federasiyaya keçə bilərdim. Hətta bu il ABŞ vətəndaşı olmaq imkanım da var. İndiyə qədər bunu özüm üçün çıxış yolu kimi görməmişəm. Amma dövlətin təmsilçisi olan GİN-in münasibətini görəndə mən istər-istəməz belə variantları düşünürəm.”
Durarbəyli bildirib ki, məhkəmədən əsas gözləntisi GİN-in belə halları araşdırmaq səlahiyyətinin olub-olmamasına hüquqi aydınlıq gətirilməsidir.
Onun sözlərinə görə, birinci instansiya və apellyasiya məhkəmələri isə onun belə iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığını hesab edib.
“Halbuki nazirlik məhz mənim müraciətimi araşdırmamaq üçün özünü səlahiyyətsiz adlandırıb. Əgər bu qərarı mübahisələndirmək mənim maraqlarıma aid deyilsə, bəs kimə aiddir? Görək Ali Məhkəmə nə deyəcək”, – deyə şahmatçı bildirib.
Durarbəyli əlavə edib ki, məhkəmə GİN-in haqlı olduğunu və nazirliyin belə araşdırma aparmaq səlahiyyətinin olmadığını müəyyənləşdirərsə, məsələni Milli Məclis qarşısında qaldıracaq.
“Əgər federasiyalarda baş verdiyi iddia edilən pozuntuları araşdıracaq səlahiyyətli bir dövlət mexanizmi yoxdursa, onda bu boşluğu qanunla doldurmaq lazımdır”, – deyə o qeyd edib.
Şahmatçı hesab edir ki, Azərbaycan idmanında federasiyalardan müstəqil, idmançıların şikayətlərini real şəkildə araşdıra bilən nəzarət mexanizminin yaradılması vacibdir.
Qeyd edək ki, Vasif Durarbəylinin GİN-ə qarşı məhkəmə müraciəti üzrə son qərarın Ali Məhkəmə tərəfindən verilməsi gözlənilir./Bakıvaxtı.az..










