Hesablama Palatasının yarımillik hesabatı: Milyonlar hara xərclənib?

Hesablama Palatasının yarımillik hesabatı: Milyonlar hara xərclənib?

Azərbaycan Hesablama Palatasının 2026-cı ilin yanvar-iyun ayları üzrə açıqladığı dövlət maliyyə nəzarətinin nəticələri ölkədə büdcə vəsaitlərinin idarə olunması sahəsində ciddi problemlərin hələ də qalmaqda olduğunu bir daha göz önünə sərir. Cari ilin ilk altı ayında aparılan yoxlamalar nəticəsində ümumilikdə təsirli bir rəqəm – 160,3 milyon manat məbləğində maliyyə nöqsanı və pozuntusu aşkarlanıb. Bu vəsaitin strukturuna nəzər saldıqda mənzərə daha da aydınlaşır: aşkar edilən məbləğin 35 milyon manatı üzrə bərpa barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib, qalan 110,5 milyon manat isə müxtəlif təyinatlı digər nöqsanlar kimi qeydə alınıb. Xüsusilə dinamikanı müqayisə etdikdə artım tendensiyası dərhal diqqəti çəkir. Belə ki, Hesablama Palatası 2024-cü ilin birinci yarısında 91 milyon manat, 2025-ci ilin eyni dövründə isə təxminən 65-70 milyon manat səviyyəsində maliyyə pozuntusu aşkar etmişdi. Lakin 2026-cı ildə bu göstəricinin kəskin şəkildə qalxaraq 160,3 milyon manata çatması onu göstərir ki, dövlət qurumlarında və büdcə təşkilatlarında şəffaflıq prinsiplərinə əməl olunması və maliyyə intizamının qorunması istiqamətində vəziyyət yaxşılaşmaq əvəzinə, əksinə, pozuntuların miqyası getdikcə genişlənir. Sual olunur: illik milyardlarla manat vəsaitin xərcləndiyi dövlət sektorunda bu qədər qaranlıq və qanunsuz maliyyə axınlarının qarşısı niyə alınmır və bu artım cəzasızlıq mühitinin nəticəsidir, yoxsa nəzarət mexanizmlərinin işləməməsinin?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, 2026-cı ilin ilk altı ayında maliyyə pozuntularının məbləğinin əvvəlki illərlə müqayisədə demək olar ki, iki dəfə artaraq 160,3 milyon manata çatması dövlət qurumlarındakı mövcud nəzarət mexanizmlərinin effektiv işləmədiyini və məsuliyyətsizliyin dərinləşdiyini açıq şəkildə nümayiş etdirir: "Əgər hər il büdcə vəsaitlərinin xərclənməsində milyonlarla manatlıq pozuntular aşkarlanır və bu tendensiya azalmaq əvəzinə artırsa, deməli, tətbiq olunan inzibati tənbehlər və cəza tədbirləri kifayət qədər sərt deyil. Büdcə intizamının pozulmasına görə məsuliyyət daşıyan şəxslərin real və ağır hüquqi nəticələrlə üzləşməməsi, yəni cəzasızlıq mühitinin hökm sürməsi bənzər halların təkrarlanmasına yol açan əsas amildir. Maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, satınalmalarda şəffaflığın pozulması və hesabatlılığın zəif olması dövlət iqtisadiyyatına ciddi zərbə vurur, buna görə də hüquq-mühafizə orqanlarına göndərilən materialların aqibəti ictimaiyyətə şəffaf şəkildə təqdim olunmalı və hər bir qanunsuzluğa görə sərt hüquqi qiymət verilməlidir".

Tunar,