Ruslar Ermənistana niyə köçür? - ŞOK SƏBƏBLƏR

Ruslar Ermənistana niyə köçür? - ŞOK SƏBƏBLƏR

Rusiyadan Ermənistana köç edən Rusiya vətəndaşlarının sayında son aylarda yenidən ciddi artım müşahidə olunur və bu yeni miqrasiya dalğası ölkənin daşınmaz əmlak bazarını hərəkətə gətirib. Erməni mənbələrinin yaydığı məlumatlara görə, İrəvanda mənzil kirayələri təxminən 30 faiz bahalaşıb ki, bunun da əsas səbəbi ölkəyə axın edən yeni rusiyalı miqrantlardır. Əmlak agentliklərinin açıqlamalarına əsasən, hazırda müraciət edən müştərilərin təxminən 80 faizini Rusiyadan yeni gələnlər və ya yaxın vaxtlarda köçməyi planlaşdıranlar təşkil edir.

May bayramlarından sonra başlanan bu tələbat dalğasının getdikcə gücləndiyi, hətta bəzi miqrantların hələ indiindən avqustun sonu və sentyabr ayı üçün mənzil axtarışına çıxdığı bildirilir. Xatırladaq ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlaması ilə də çoxsaylı rusiyalı Ermənistana üz tutmuşdu və indi formalaşan yeni dalğa fonunda prosesin İrəvanda yaşayış xərclərinə, daşınmaz əmlak qiymətlərinə və ümumi sosial-iqtisadi struktura ciddi təsir göstərəcəyi gözlənilir. Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistanın seçilməsinin əsas üstünlükləri arasında ölkələr arasındakı gündəlik hərəkətliliyin və iqtisadi əlaqələrin tam qırılmaması, nisbətən aşağı yaşayış xərcləri, inkişaf etmiş xidmət sektoru və əvvəldən formalaşmış güclü miqrant icmasının olması dayanır. Eyni zamanda, Ermənistanın Rusiyadakı böyük erməni diasporu ilə sıx əlaqələri yeni gələnlərə iş, mənzil və rahat sosial mühit tapmaqda geniş imkanlar yaradır, həmçinin Brüsselin İrəvana təqdim etdiyi viza rejiminin ləğvi perspektivi kimi vədlər də rusiyalıların bu istiqamətə marağını artıran amillər sırasındadır. Yeri gəlmişkən, müqayisə üçün qeyd edək ki, ötən il ruslar Türkiyədə 2,3 milyard dollarlıq mülk əldə etmişdilər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, rusiyalıların yenidən kütləvi şəkildə Ermənistana köçməsi təsadüfi proses deyil və bu, Moskvanın regional siyasəti ilə yanaşı, həm də rus vətəndaşlarının qlobal sanksiyalardan yayınmaq üçün alternativ yollar axtarması ilə birbaşa bağlıdır: "Hökumətlər səviyyəsində müəyyən gərginliklərin olmasına baxmayaraq, insan faktoru və iqtisadi arteriyalar səviyyəsində Rusiya ilə Ermənistan arasındakı bağlar qırılmayıb və İrəvan rusiyalılar üçün bu gün təhlükəsiz tranzit və yaşayış nöqtəsinə çevrilib. Ermənistan cəmiyyəti və iqtisadiyyatı bu qədər miqrant axınını qəbul etməkdə çətinlik çəksə də, ölkə daxilindəki erməni diaspor şəbəkələri və nisbətən yumşaq münasibət rusların bu ölkəni seçməsini stimullaşdırır, lakin bu proses uzun müddətdə daxildə ciddi sosial gərginliklərə və kirayə böhranına səbəb ola bilər".