Avtobus qəzaları durmadan artır - Günahkar kimdir?

Avtobus qəzaları durmadan artır - Günahkar kimdir?

Son zamanlar sərnişin avtobuslarının iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur və ictimai nəqliyyatda təhlükəsizlik məsələsini yenidən gündəmin əsas müzakirə obyektinə çevirir. Bir neçə həftə ərzində ölkə yollarında və paytaxt küçələrində qeydə alınan ardıcıl qəzalar nəticəsində onlarla insan xəsarət alıb. Xüsusilə iyul ayında baş verən hadisələr ictimai nəqliyyatın idarə olunmasındakı boşluqları və nəzarət mexanizmlərinin effektivliyini sual altına qoyur. Statistikaya və rəsmi məlumatlara nəzər salsaq, təhlükənin miqyası açıq şəkildə görünür: iyulun 24-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində iki avtobusun toqquşması nəticəsində 22 nəfər xəsarət alaraq müxtəlif tibb müəssisələrinə (Sabunçu Tibb Mərkəzi və Kliniki Tibbi Mərkəz) hospitalizasiya olunub. Bundan əvvəl, iyulun 12-də Hacıqabul rayonu ərazisində Zaqatala-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusunun idarəetmədən çıxaraq beton arakəsməyə çırpılması və aşması nəticəsində ümumilikdə 28 nəfər tibb müəssisələrinə müraciət etməli olub. İyulun 29-da isə yenə Xəzər rayonunun Buzovna qəsəbəsində 107 nömrəli marşrut avtobusunun yük maşınına çırpılması ilə nəticələnən qəza baş verib. Xoşbəxtlikdən həmin vaxt salonda sərnişinlərin olmaması böyük faciənin qarşısını alıb. Ancaq bu qəzaların qısa zaman kəsiyində bir-birini əvəz etməsi sürücü intizamı, avtobusların texniki vəziyyəti, marşrut xətlərinin təşkili və sərnişindaşıma sahəsində nəzarətin gücləndirilməsinin vacibliyini qəti şəkildə tələb edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Tale Ələddinzadə qeyd edib ki, ictimai nəqliyyatda baş verən bu cür qəzaların artmasının kökündə bir sıra sistemli problemlər, o cümlədən sürücülərin həddindən artıq iş saatları və rejim pozuntuları dayanır: "Son vaxtlar müşahidə olunan avtobus qəzaları göstərir ki, daşıyıcı şirkətlər tərəfindən sürücülərin əmək və istirahət rejiminə riayət olunmasına nəzarət zəifləyib. Uzun iş saatları səbəbindən sükan arxasında yorğun və gərgin olan sürücülərin diqqəti yayınır, bu da qaçılmaz olaraq ağır qəzalara gətirib çıxarır. Eyni zamanda, bəzi marşrut xətlərində sürət həddinin aşılması və nəqliyyat vasitələrinin texniki baxışdan vaxtında və keyfiyyətli keçirilməməsi ciddi təhlükə mənbəyidir".

O, qeyd edib ki, problemi kökündən həll etmək üçün təkcə cərimələrlə kifayətlənmək olmaz, həm də daşıyıcı şirkətlərin məsuliyyəti sərtləşdirilməli və elektron nəzarət mexanizmləri tam gücü ilə işləməlidir: "Hər bir qəzadan sonra yalnız sürücünü günahlandırmaq çıxış yolu deyil; burada daşıyıcı şirkətin rəhbərliyi, avtobusların texniki sazlığını yoxlayan mexanizmlər və sərnişindaşıma bazarındakı ümumi idarəetmə sistemi ciddi şəkildə audit olunmalıdır. Sürücülərin psixoloji durumu mütəmadi yoxlanılmalı, sürətə və təhlükəsizlik qaydalarına riayət olunması üçün GPS və digər rəqəmsal izləmə sistemlərindən maksimum istifadə edilməlidir ki, vətəndaşların həyatı təhlükəyə atılmasın".