Hövsanda sürət qatarı üçün söküntülərə başlanıldı

Hövsanda sürət qatarı üçün söküntülərə başlanıldı

Hövsan qəsəbəsində dəmir yolu xəttinin yaxınlığında yerləşən bəzi yaşayış evlərinin sökülməsi prosesinə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, sürətli qatar layihəsi çərçivəsində bir müddət əvvəl ərazidəki evlərin siyahıya alınması, nömrələnməsi və ölçülməsi işləri həyata keçirilirdi. Hazırda isə layihə üzrə praktiki addımlar atılaraq ilk söküntü işləri aparılır.

İlkin məlumata əsasən, evləri və torpaq sahələri layihənin icrası üçün istifadə olunan sakinlərə kompensasiya ödənilir. Maraqlı məqamlardan biri də odur ki, bəzi evlərin mülkiyyət sənədi olmasa da, onların sahiblərinin kompensasiya ilə təmin edilməsi nəzərdə tutulub.

Layihə dəmir yolu ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və gələcəkdə sürətli qatarların hərəkəti üçün uyğun infrastrukturun formalaşdırılması məqsədi daşıyır.

Söküntü və hazırlıq işləri mərhələli şəkildə davam edir. Yaxın aylarda dəmir yolu boyunca yerləşən digər ərazilərdə də oxşar tədbirlərin həyata keçirilməsi gözlənilir.