Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya rəhbərliyinin əsas məqsədinin məhz keçmiş Sovet respublikaları üzərində itirilmiş imperiya təsirini bərpa etmək və dağılmış SSRİ coğrafiyasını yenidən bir araya gətirmək olduğu barədə səsləndirdiyi fikirlər bütün postsovet məkanında ciddi rezonans doğurub. Ukrayna liderinin sözlərinə görə, rəsmi Kiyev bu geosiyasi strategiyanın mərkəzində dayanır və məhz Ukraynanın göstərdiyi müqavimət digər müstəqil dövlətlərin də gələcəyini qoruyan əsas qaladır.
Çünki Moskvanın bu coğrafiyada hər hansı bir qələbəsi qonşu respublikalara qarşı təzyiqlərin kəskinləşməsinə, suverenliyin isə sual altına düşməsinə gətirib çıxaracaq. Bu baxımdan, Ukraynanın verdiyi qurbanlar təkcə öz torpaqlarının qorunması deyil, həm də bütövlükdə regionun təhlükəsizlik arxitekturasının saxlanılması deməkdir. Bəs, reallıqda vəziyyət necədir? Ukrayna doğrudanmı Azərbaycanın və digər postsovet ölkələrinin müstəqilliyi uğrunda mübarizə aparır? Putinin gizli və ya açıq planları yaxın qonşular üçün real təhlükə olaraq qalırmı?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynlinin sözlərinə görə, Vladimir Putinin və bütövlükdə Rusiya siyasi elitasının imperiya ambisiyalarından əl çəkmədiyi açıq-aydın görünür və postsovet məkanına nəzarətin bərpası Kreml üçün strateji prioritet olaraq qalmaqdadır: "Ukrayna müharibəsi sadəcə yerli regional münaqişə deyil, bütövlükdə keçmiş SSRİ coğrafiyasında güc balansını müəyyən edən qlobal qarşıdurmadır. Əgər Rusiya bu müharibədə öz istəklərinə nail olarsa, bu, təbii ki, digər postsovet ölkələri, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri üçün təhlükə səviyyəsini dəfələrlə artıracaq".
Professor qeyd edib ki, Ukrayna xalqının və ordusunun göstərdiyi tarixi müqavimət məhz imperiyanın qarşısını alan və digər respublikalara nəfəs almağa imkan verən əsas səddir: "Bu mənada Zelenskinin arqumentlərində böyük həqiqət payı var, çünki Kiyev bu gün təkcə öz dövlətçiliyini deyil, həm də bütün postsovet regionunun geosiyasi taleyini müdafiə edən ağır bir yükü daşıyır".
Politoloq bildirib ki, Azərbaycan kimi güclü və müstəqil xarici siyasət yürüdən ölkələr üçün hər zaman müəyyən risklər mövcuddur, lakin Bakının qurduğu balanslaşdırılmış münasibətlər sistemi və güclü ordu quruculuğu istənilən təhlükənin qarşısını almağa imkan verir: "Azərbaycan öz suverenliyini hər şeydən üstün tutur və regionda yaranan yeni reallıqlar fonunda hər cür təhdidlərə qarşı adekvat addımlar atmağa qadirdir. Lakin unutmamalıyıq ki, regionda sülhün və təhlükəsizliyin qorunması üçün qlobal miqyasda beynəlxalq hüququn norma və prinsiplərinin işləməsi vacibdir. Putinin planları yalnız Ukrayna ilə məhdudlaşmır; Kreml postsovet məkanında iqtisadi, siyasi və hərbi təsir rıçaqlarını maksimum dərəcədə qoruyub saxlamağa və ya bərpa etməyə çalışır. Məhz buna görə də Azərbaycan başda olmaqla bütün müstəqil dövlətlər milli təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməli, daxili sabitliyi və regional əməkdaşlığı daha da gücləndirməlidirlər. Ukraynadakı proseslərin gedişatı gələcəkdə bütün Avrasiya məkanında təhlükəsizlik xəritəsinin necə olacağını müəyyənləşdirəcək əsas amildir və Azərbaycan da bu prosesləri çox diqqətlə izləyərək öz milli maraqlarına uyğun siyasət yürüdür".
Sara,
NOCOMMENT.az












