Qobustanda qədim türk inanclarına aid qamlama ayini nümayiş etdirilib.
Ayini şaman Tərlan Manafov icra edib. Qobustanın palçıq vulkanları fonunda keçirilən mərasimdə qavalın ritmi və ayin elementləri qədim qam ənənələrinin rəmzi şəkildə canlandırılmasına xidmət edib.
NOCOMMENT.az bildirir ki, mərasim zamanı qavalın ritmi Qobustanın təbii mənzərəsi ilə vəhdət təşkil edib. Palçıq vulkanlarının əhatəsində səslənən ritmlər və ayin hərəkətləri qədim inancların ab-havasını əks etdirib. Şamanın ifa etdiyi qamlama ayini torpaq, təbiət və insan arasındakı mənəvi bağlılığı simvolik şəkildə nümayiş etdirib.
Qobustan dünyanın ən böyük palçıq vulkanları məkanlarından biri olmaqla yanaşı, qədim qayaüstü təsvirləri və zəngin tarixi-mədəni irsi ilə də tanınır. Məhz bu mühitdə keçirilən qamlama ayini ziyarətçilərə qədim türk inancları və ənənələri haqqında fərqli vizual təsəvvür yaradıb.
Qeyd edək ki, təqdim olunan fotolar tanınmış fotoqraf, Photocstock.Az saytının rəhbəri Ramil Yunus tərəfindən çəkilib. Onun obyektivindən lentə alınan kadrlar Qobustanın palçıq vulkanları fonunda keçirilən qamlama ayininin mistik atmosferini və qədim ənənələrin estetik çalarlarını əks etdirir.
Qeyd edək ki, qamlama qədim türk xalqlarının qam (şaman) ənənəsinə aid ayin hesab olunur. Müasir dövrdə bu cür mərasimlər əsasən etnoqrafik və mədəni məqsədlərlə nümayiş etdirilir.
Sara
NOCOMMENT.az























