Kreslodan türməyə – Hüseyn Abdullayev və Mövlam Şıxəliyevin dosyesi

Kreslodan türməyə – Hüseyn Abdullayev və Mövlam Şıxəliyevin dosyesi

Azərbaycanın müstəqillik tarixində müxtəlif dövrlərdə yüksək vəzifəli məmurların, generalların, bank rəhbərlərinin, deputatların və diplomatik korpusun tanınmış nümayəndələrinin həbsi ölkənin hüquq sistemi və siyasi həyatında ən çox rezonans doğuran hadisələrdən olub. Bir vaxtlar dövlət idarəçiliyinin ən yüksək pillələrində qərarlar qəbul edən, milyonlarla manatlıq layihələrə rəhbərlik edən, beynəlxalq səviyyədə Azərbaycanı təmsil edən bu şəxslər sonradan cinayət məsuliyyətinə cəlb edilərək uzunmüddətli həbs cəzaları alıblar. Onların bəziləri illərlə toxunulmaz hesab olunurdu. Kimisi Prezident Administrasiyasının rəhbəri, digəri ölkənin baş prokuroru olub, kimisi dövlətin ən böyük bankını idarə edib, kimisi isə təhlükəsizlik sistemində general rütbəsinə qədər yüksəlib. Lakin müxtəlif dövrlərdə aparılan istintaqlar, Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları və məhkəmə araşdırmaları nəticəsində həmin şəxslər haqqında ağır ittihamlar irəli sürülüb və məhkəmələr tərəfindən hökm çıxarılıb.

Musavat.com bu araşdırmada həmin şəxslərin həyat yoluna, karyerasına, yüksəlişinə, cinayət işlərinin başlanmasına, məhkəmə proseslərinə və hazırkı hüquqi statuslarına nəzər salır.

Qalmaqallı deputatdan məhkuma – Hüseyn Abdullayevin mürəkkəb yolu

Azərbaycanın müstəqillik dövrünün ən çox müzakirə olunan siyasi fiqurlarından biri olan Hüseyn Abdullayev uzun illər biznesmen, bəstəkar, futbol funksioneri və deputat kimi tanınıb. Ancaq onun adı daha çox qalmaqallar, parlamentdə baş vermiş insident, sonrakı mühacirət həyatı, hakimiyyətə qarşı sərt çıxışları, Türkiyədə saxlanılması, Azərbaycana ekstradisiyası və bir-birinin ardınca başlanan cinayət işləri ilə yadda qalıb. Onun taleyi hakimiyyət daxilində nüfuzlu biznesmen-siyasətçi obrazından uzunmüddətli məhkumluğa qədər uzanan ən rezonanslı siyasi-hüquqi proseslərdən biri hesab edilir.

Keçmiş deputat Hüseyn Abdullayev ilə bağlı hökm qüvvəyə mindi -

Biznesdən siyasətə

Hüseyn Abdullayev 1967-ci ildə anadan olub. 1990-cı illərdə biznes fəaliyyəti ilə məşğul olub, müxtəlif kommersiya layihələrinə rəhbərlik edib. O, həm də musiqi müəllifi kimi tanınıb, müxtəlif estrada ifaçıları tərəfindən səsləndirilən mahnıların bəstəkarı olub. 2005-ci il parlament seçkilərində deputat seçilərək Milli Məclisə daxil oldu. İlk dövrlərdə hakimiyyətə yaxın siyasətçi kimi tanınsa da, sonradan parlamentdə daha sərt mövqe nümayiş etdirməyə başladı.
2007-ci il martın 16-da Milli Məclisdə Azərbaycan parlamentinin tarixində ən qalmaqallı hadisələrdən biri baş verdi. Hüseyn Abdullayevlə deputat Fəzail Ağamalı arasında əvvəlcə söz mübahisəsi yarandı. Mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrildi və iclas zalında əlbəyaxa dava baş verdi. Hadisə televiziya kameralarının qarşısında baş verdiyi üçün ölkədə böyük rezonans doğurdu.
Bundan dərhal sonra Hüseyn Abdullayev deputat toxunulmazlığından məhrum edildi. Baş Prokurorluq onun barəsində xuliqanlıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi ilə bağlı cinayət işi başladığını açıqladı.
2007-ci ilin martında Hüseyn Abdullayev həbs olundu. Məhkəmə onu təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum etdi. Cəzasının müəyyən hissəsini çəkdikdən sonra azadlığa buraxıldı. Azadlığa çıxdıqdan sonra əvvəlki siyasi fəaliyyətini davam etdirmədi.
Bir neçə il sonra Hüseyn Abdullayev Azərbaycanı tərk etdi. Əvvəlcə müxtəlif Avropa ölkələrində yaşadı, daha sonra siyasi mühacir kimi fəaliyyət göstərməyə başladı. Bu dövrdə o sosial şəbəkələrdə aktiv çıxışlar edir, Azərbaycan hakimiyyətini kəskin tənqid edən videomüraciətlər yayır, müxtəlif beynəlxalq media orqanlarına müsahibələr verirdi.

Hüseyn Abdullayev ölkədən getdikdən sonra Baş Prokurorluq onun barəsində yeni cinayət işi başladığını bəyan etdi. İttihamlar deputat olduğu illərdən əvvəl və sonrakı dövrlərdə yaratdığı kommersiya strukturları vasitəsilə böyük maliyyə pozuntularına yol verməsi, qanunsuz sahibkarlıqla məşğul olmaqla vergidən yayınması, külli miqdarda dələduzluq, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, vəzifə saxtakarlığı ilə bağlı epizodlar və digər iqtisadi cinayətləri əhatə edirdi. İstintaq materiallarında milyonlarla manatlıq ziyanın vurulduğu iddia edilirdi. Hüseyn Abdullayev isə bütün ittihamları rədd edirdi. Azərbaycan hüquq-mühafizə orqanlarının müraciətindən sonra Hüseyn Abdullayev beynəlxalq axtarışa verildi.

Uzun müddət onun müxtəlif ölkələrdə olduğu barədə məlumatlar yayılsa da, hüquq-mühafizə orqanları onu saxlaya bilmirdi. 2018-ci ilin aprel ayında Hüseyn Abdullayev Türkiyədə saxlanıldı. Azərbaycan Baş Prokurorluğunun göndərdiyi ekstradisiya sorğusundan sonra Türkiyə məhkəmələri onun Azərbaycana verilməsi barədə qərar qəbul etdilər. Həmin ilin aprelində o, Azərbaycana ekstradisiya olundu. Ekstradisiya prosesi həm Azərbaycan, həm də beynəlxalq mediada geniş işıqlandırıldı. Azərbaycana gətirildikdən sonra Hüseyn Abdullayev barəsində həbs qətimkan tədbiri seçildi. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırıldı. 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Hüseyn Abdullayevi irəli sürülmüş ittihamların əhəmiyyətli hissəsi üzrə təqsirli bildi. O, uzunmüddətli azadlıqdan məhrum edildi. Sonradan apellyasiya və kassasiya instansiyalarında hökmdən şikayətlər verilsə də, hökm əsasən qüvvədə saxlanıldı. Hüseyn Abdullayevin işi bununla yekunlaşmadı. Onun cəza müddətinin başa çatmasına az qalmış hüquq-mühafizə orqanları yeni cinayət işi başladığını açıqladı.

Eldar Mahmudovun həbs edilən əmisi oğlu istintaqa bunları DANIŞIB | Modern.az

İstintaqın məlumatına görə, yeni epizodlar əvvəlki araşdırmalar zamanı müəyyən edilməyən maliyyə əməliyyatları və digər iqtisadi cinayət faktları ilə bağlı idi. Bu səbəbdən ona yenidən ittiham elan olundu və barəsində yeni həbs qərarı qüvvədə saxlanıldı. Hüseyn Abdullayevin işi müxtəlif beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunub. Rəsmi mövqeyə əsasən, istintaq və məhkəmə yalnız maliyyə pozuntuları, vergidən yayınma, qanunsuz sahibkarlıq və çirkli pulların leqallaşdırılması faktları əsasında həyata keçirilib. Hüseyn Abdullayevin adı Azərbaycan siyasi tarixində parlamentdə əlbəyaxa dava ilə deputat toxunulmazlığını itirən, sonradan ölkəni tərk edərək siyasi mühacir həyatı yaşayan, xaricdən hakimiyyəti tənqid edən, beynəlxalq axtarışa verilən, Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya olunan və uzun illər davam edən məhkəmə prosesləri ilə üzləşən ən tanınmış sabiq deputatlardan biri kimi qalır. Onun işi həm hüquqi, həm də siyasi aspektdən illərlə müzakirə olunan proseslərdən biri olub.

MTN generalının süqutu – Mövlam Şıxəliyevin dosyesi

Azərbaycanın təhlükəsizlik sistemində uzun illər ən odioz fiqurlardan biri hesab olunan general-mayor Mövlam Şıxəliyev bir vaxtlar ölkənin ən güclü hüquq-mühafizə strukturlarından sayılan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik edib. Onun adı uzun müddət rezonans doğuran cinayət işləri, səs-küylü həbslər və müxtəlif əməliyyatlarla yanaşı çəkilsə də, sonradan özü də ağır cinayətlərdə təqsirləndirilən və məhkum olunan yüksək rütbəli məmurlardan birinə çevrildi.
Onun karyerası Azərbaycan hüquq-mühafizə sistemində yüksəlişdən həbsxanaya aparan ən diqqətçəkən nümunələrdən biri hesab olunur.
Mövlam Şıxəliyev uzun illər hüquq-mühafizə orqanlarında çalışdıqdan sonra MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsinə yüksəldi. General-mayor rütbəsi alan Mövlam Şıxəliyev nazir Eldar Mahmudovun komandasına daxil idi. İstintaq Baş İdarəsi həmin dövrdə faktiki olaraq MTN-in ən təsirli strukturlarından biri hesab olunurdu. Geniş səlahiyyətlər sonradan ittiham aktlarında göstərildiyi kimi, bir sıra hallarda qanunsuz təzyiq və şəxsi maraqlar üçün istifadə edilib.

"Barmaqdan üfürülən" cinayət işləri

Mövlam Şıxəliyevin cinayət dosyesində zərərçəkmişlərin ifadələrində göstərilirdi ki, onun rəhbərliyi altında MTN-in şöbə rəisləri Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov sahibkarlar, iş adamları və müxtəlif şəxslər barədə heç bir tutarlı sübut olmadan cinayət işləri başlanırdı. Bundan sonra saxta və ya etibarsız sübutlar hazırlanır, tutulanları dövlətə xəyanət, qanunsuz sahibkarlıq və digər ağır maddələrlə ittiham edirdilər. Proses sahibkarların, iş adamlarının, qızıl alverçilərinin həbsi ilə yekunlaşırdı. Bundan sonra isə tutulan şəxsin yaxınlarından külli miqdarda pullar tələb edilirdi. Tələb olunan məbləğ ödənilirdisə, şəxsi saxta ekspert rəyi əsasında xəstə elan edir və həmin rəyə əsaslanmaqla həbsdən azad edirdilər. İstintaq materiallarında, sonradan məhkəmə hökmündə yer alan faktlara əsasən Mövlam Şıxəliyev və başının mütəşəkkil quldur dəstəsi 32 Azərbaycan vətəndaşı olan sahibkarlardan ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edərək alıb.
İttiham tərəfinin mövqeyinə görə, bu fəaliyyət sistemli xarakter daşıyırdı və məqsəd qanunsuz maddi gəlir əldə etmək idi.
Mövlam Şıxəliyevin adı ən çox müzakirə olunan cinayət işlərindən biri də Səid Dadaşbəyli işi ilə bağlı istintaqla əlaqələndirilir. 2007-ci ildə Səid Dadaşbəyli və onlarla şəxs dövlət çevrilişinə hazırlıq, qanunsuz silahlı dəstə yaratmaq və digər ağır maddələrlə həbs edilmişdi. Lakin sonrakı illərdə hüquq müdafiəçiləri və bir sıra beynəlxalq təşkilatlar həmin iş üzrə işgəncə, saxta sübutlar toplanması, zor tətbiq etməklə idadələrin alınması kimi qanunsuz istintaq üsullarından istifadə olunduğunu açıqlamışdı.
Mövlam Şıxəliyev isə həmin dövrdə istintaqa rəhbərlik edən əsas vəzifəli şəxs idi.
MTN işi üzrə ən sarsıdıcı epizodlardan biri məhkəmələrdə zərərçəkmişlərin ifadələrində Emin Məmmədovun işgəncələr altında öldürülməsi epizodu ilə bağlı idi.

Azadlığa çıxandan sonra Səid Dadaşbəyli general Mövlam Şıxəliyevin qanlı cinayətinin detallarını “Yeni Müsavat”a danışmışdı (https://musavat.com/news/seid-dadasbeyli-general-movlam-sixeliyevin-qanli-cinayetinin-detallarindan-danisdi_797450.html).

Səid Dadaşbəylinin müsahibəsindən sitat:

“Mövlam Şıxəliyev mənə bir video göstərmişdi. Həmin o Eldar İsmayılov, həmin o Novruz Kərimov(MTN-in şöbə rəisləri olub, sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri təyin olunmuşdular – E.M ) Emini Məmmədovu tapdalayırdılar, onun qanı axırdı.
Mövlam Şıxəliyev də işgəncə vermişdi ona. Videoda Mövlam Şıxəliyev deyirdi ki, “cındıra bax e, ayaqqabını təzə almışam, qan elədi ayaqqabımı”. Sonra da Mövlam Şıxəliyev qanlı ayaqqabını yerə sürtür, görür qan ləkələri qalıb, başlayır yerdə zarıyan Emin Məmmədovun paltarına sürtməyə. Emin Məmmədov martın 30-u komaya düşdü. Avqustun 17-si xəstəxanada rəhmətə getdi və cəsədini valideynlərinə verdilər. Mövlam Şıxəliyevin vaxtında bütün bu işgəncələr baş verirdi. Mən bu adamların qanun qarşısında cavab vermələrinə nail olacağam. Bu adamlar ulduz almaq üçün bu işləri uydurublar, bizə qarşı bu cinayətləri ediblər. Buna görə qanun qarşısında mütləq cavab verməlidirlər!”

Eldar Mahmudovun gedişi və sistemin çökməsi

17 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildi. Az sonra MTN-də görünməmiş əməliyyat başladı. Nazirliyin Anti-Terror Mərkəzi; Monitorinq Mərkəzi; İstintaq Baş İdarəsi üzrə çoxsaylı yüksək vəzifəli əməkdaşları həbs olundu. Bir neçə ay sonra isə MTN tamamilə ləğv edilərək onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Mövlam Şıxəliyev də həmin prosesdə vəzifəsini itirdi. Uzun illər ictimaiyyət qarşısına çıxmayan Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs edildi. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan araşdırma nəticəsində ona qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürüldü. İttihamın mahiyyətinə görə, Mövlam Şıxəliyev tabeliyində olan əməkdaşlarla birlikdə hədə-qorxu ilə tələb etmə; külli miqdarda rüşvət alma; vəzifə səlahiyyətlərindən sui-istifadə; qanunsuz azadlıqdan məhrum etmə; sahibkarların əmlakını ələ keçirmə kimi əməllərdə iştirak edib.

Bakı Hərbi Məhkəməsində 1 ilə yaxın davam edən prosesdə onlarla zərərçəkmiş ifadə verdi. Məhkəmə araşdırmaları zamanı çoxsaylı sahibkarlar MTN-də onlardan milyonlarla manat alındığını, hədə-qorxu gəlinərək əmlaklarının əlindən alındığını bildiriblər. 2022-ci ildə məhkəmə Mövlam Şıxəliyevi təqsirli bilərək 12 il müddətinə azadlıqdan məhrum etdi. Onunla birlikdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov da mühakimə olunmaqla uzunmüddətli həbs cəzaları aldılar.
Sonrakı instansiyalarda cəza müddətində müəyyən dəyişikliklər edilsə də, Mövlam Şıxəliyev barəsində ittiham hökmü qüvvədə saxlanıldı. Hazırda Mövlam Şıxəliyev və dəstə üzvləri Bakıdakı 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkirlər.
Mövlam Şıxəliyevin işi təkcə bir generalın cinayət məsuliyyətinə cəlb olunması deyil, həm də MTN-də illərlə formalaşan qanunsuz idarəetmə mexanizminin ifşası kimi qiymətləndirilir. Bu cinayət işi Azərbaycan hüquq-mühafizə tarixinin ən rezonanslı proseslərindən biri olaraq qalır və MTN-in ləğvi ilə nəticələnən hadisələrin hüquqi davamı kimi dəyərləndirilir.