Ləman Ələşrəfqızı: "Xətainin qılıncını da əlinə alıb üstümə hücum çəkir"

Ləman Ələşrəfqızı: "Xətainin qılıncını da əlinə alıb üstümə hücum çəkir"

Jurnalist Ləman Ələşrəfqızı deputat Fazil Mustafanın onun və jurnalist Taleh Sahsuvarov haqqında səsləndirdiyi fikirlərə geniş açıqlama ilə cavab verib.

NOCOMMENT.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşdığı yazıda Fazil Mustafanın onu "savadsız", Taleh Sahsuvarovu isə "nadan" adlandırdığını bildirib. Onun sözlərinə görə, buna səbəb bir gün əvvəl Şah İsmayıl Xətai ilə bağlı keçirilən televiziya müzakirəsi olub.

Ləman Ələşrəfqızı qeyd edib ki, verilişin debat formatında keçirilməsini arzulayıb və bu məqsədlə Fazil Mustafanı efirə dəvət etmək üçün şəxsən ona zəng edib. Lakin deputatın telefonunun şəbəkə xaricində olduğunu, sonradan isə digər işlərlə əlaqədar məsələni davam etdirə bilmədiyini bildirib.

Jurnalist əlavə edib ki, daha sonra Taleh Sahsuvarov sosial şəbəkədə Fazil Mustafanı efirə dəvət edən paylaşım edib. Ləman Ələşrəfqızı həmin paylaşımın üslubunun onu qane etmədiyini və ertəsi gün bunu həmkarına da dediyini vurğulayıb.

O bildirib ki, veriliş zamanı Fazil Mustafanı hədəfə alan və ya onu təhqir edən hər hansı ifadə işlətməyib:

"Verilişdə Fazil Mustafanı əzən-keçən hər hansı fikir mənim dilimdən çıxmayıb. Əksinə, o efirdə olmadığı üçün bunu nəzərə almışam."

Jurnalistin sözlərinə görə, verilişdən sonra ona zəng edənlərdən biri hətta deputatı müdafiə etdiyini də bildirib.

Ləman Ələşrəfqızı buna baxmayaraq Fazil Mustafanın sonradan ona qarşı sərt ittihamlar səsləndirdiyini qeyd edərək yazıb:

"Fazil Mustafa Xətainin qılıncını da əlinə alıb mənə hücum çəkir. Mənim tanınmış jurnalist olmağıma gülür, savadıma şübhə edir."

O, özünün FETÖ məktəblərində təhsil almadığını, lakin kifayət qədər kitab oxuduğunu, onlarla tarixi-sənədli filmin müəllifi olduğunu xatırladıb. Jurnalist bildirib ki, onun peşə fəaliyyəti dövlət səviyyəsində də qiymətləndirilib və 11 il əvvəl Azərbaycan Prezidenti tərəfindən təltif olunub.

Paylaşımında Fazil Mustafanın siyasi fəaliyyətinə də toxunan Ləman Ələşrəfqızı siyasətçinin tənqidə dözümsüz yanaşdığını iddia edib. O hesab edir ki, siyasətçi tənqidçilərlə düşmənçilik aparmamalı, əksinə, fərqli fikirlərə dözümlü olmalıdır.

Jurnalist bu kontekstdə ADP sədri Sərdar Cəlaloğlu və sabiq deputat Tahir Kərimli ilə bağlı da nümunələr çəkib. O bildirib ki, Kəramət Böyükçölün bir çıxışından sonra Sərdar Cəlaloğlu uzun illərdir onun efirlərinə qatılmır. Həmçinin Tahir Kərimlinin parlamentdəki çıxışı ilə bağlı xəbəri oxuyarkən gülməsindən sonra onun da münasibətinin dəyişdiyini qeyd edib.

Ləman Ələşrəfqızı sonda vurğulayıb ki, Azərbaycanda siyasətlə məşğul olan bir çox şəxslər tənqidə qarşı aqressiv münasibət nümayiş etdirirlər və bu yanaşmanın dəyişməsinin vacib olduğunu bildirib.

Sara

NOCOMMENT.az