Paşinyanın Ağ Evdə Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?

Paşinyanın Ağ Evdə Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?

Sabah – avqustun 8-də Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan rəhbərlərinin tarixi sənədləri imzalamasının bir ili tamamlanacaq. Söhbət tərəflər arasında paraflanan sülh müqaviləsindən və Zəngəzur dəhlizi (“TRIPP marşrutu”) haqda anlaşmanın da əks olunduğu Birgə Bəyannamədən gedir. Hansı Bəyannamə ki, Ermənistan hökuməti üzərinə konkret öhdəliklər qoyub, o cümlədən ölkə konstitusiyasını beynəlxalq hüquq normalarına uyğunlaşdırmaqla bağlı.

Maraqlıdır, məhz bu ərəfədə məlum olub ki, Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 15-dən Zəngəzur layihəsi ilə bağlı çərçivə sazişində nəzərdə tutulan öhdəliklərin ölkə konstitusiyasına uyğunluğu məsələsinə baxmağa başlayacaq. Məhkəmə prosesi yazılı qaydada keçiriləcək. İş üzrə məruzəçi Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Edqar Şatiryan təyin edilib. Qurum Zəngəzur layihəsi üzrə çərçivə sazişində Ermənistanın üzərinə götürdüyü öhdəliklərin ölkənin əsas qanununa uyğun olub-olmadığını araşdıracaq.

Sual yaranır: niyə indi? Ümumiyyətlə, ötən ilin əsas nəticəsi, yekunu nədən ibarətdir?

Gerçək belədir ki, bu müddətdə nə sülh müqaviləsini imzalamaq mümkün olub, nə də Paşinyan hökuməti dəhlizin öz ərazindən keçəcək hissəsində daşı-daş üstdə qoyub. Bəzi siyasi müşahidəçilərə görə, erməni tərəfi əslində, siyasi manipulyasiyalarla məşğuldur və vaxt udmağa çalışır. Belədirmi?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Tural Cəfərov qeyd edib ki, İrəvan hakimiyyəti beynəlxalq müstəvidə üzərinə götürdüyü öhdəliklərdən yayınmaq və prosesi süni şəkildə ləngitmək üçün növbəti dəfə bürokratik oyunlara əl atır: "Ağ Evdə əldə olunan razılaşmalardan və imzalanan tarixi sənədlərdən bir il ötmesine baxmayaraq, Ermənistan tərəfi həm regional kommunikasiyaların açılması, həm də sülh gündəliyi istiqamətində real və praktiki addımlar atmaqdan qaçır".

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin məsələni məhz sentyabr ayına salması və prosesi yazılı qaydada aparması mahiyyət etibarilə vaxt qazanmağa hesablanmış taktiki gedişdir: "Bu cür addımlar real icranı təxirə salmaq, daxili auditoriyanı aldatmaq və Qərbdəki tərəfdaşlara guya hüquqi prosedurların icra olunduğu təəssüratını yaratmaq məqsədi güdür".