Mövsümün əsas dövrü olmasına baxmayaraq, daxili bazarda meyvə və tərəvəz məhsullarının qiymətlərində gözlənilən ucuzlaşma müşahidə olunmur. Əksinə, istehlakçılar piştaxtalardakı fantastik qiymətlərlə qarşılaşırlar. Mütəxəssislər və rəsmi şəxslər bu vəziyyəti mövsüm ərzində qeyri-sabit keçən hava şəraiti və məhsuldarlığın aşağı düşməsi ilə əlaqələndirirlər.
Bununla belə, ən narahatedici məqamlardan biri kəndçinin əməyinin qarşılığını ala bilmədiyi halda, məhsulun son istehlakçıya qədər olan yolda dəfələrlə baha qiymətə təklif edilməsidir.
Kənd təsərrüfatı məhsullarının birbaşa istehsalçıdan çox ucuz qiymətə götürülərək mağazalarda 30-40, hətta 50 dəfə baha qiymətə satılması haqlı olaraq cəmiyyətdə ciddi suallar doğurur və qiymətlərə nəzarət mexanizmlərinin işlək olub-olmadığını gündəmə gətirir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti ilə pərakəndə satış qiyməti arasındakı kəskin və dözülməz fərq daxili bazarda mövcud olan qüsurlu logistik zəncirlərin, qeyri-sağlam ticarət əlaqələrinin və bazar iştirakçılarının həddindən artıq monopollaşmış maraqlarının birbaşa nəticəsidir: "İstehsalçıdan son alıcıya qədər olan təchizat zəncirində aralıqda dayanan vasitəçilərin, səyyar alverçilərin və müxtəlif ticarət qurumlarının sayının həddindən artıq çox olması məhsulun son qiymətini təbii olaraq dəfələrlə şişirdir, nəticədə isə həm istehlakçı əziyyət çəkir, həm də əsl zəhmət çəkən kəndli öz əməyinin qarşılığını qətiyyən ala bilmir".
Onun sözlərinə görə, mövcud sərbəst bazar mexanizmlərində qiymətlərə birbaşa inzibati müdaxilə etmək çətin və məhdud olsa da, dövlət qurumları tərəfindən tənzimləyici və nəzarət mexanizmlərinin daha çevik şəkildə işə salınması, süni qiymət artımlarının qarşısının alınması üçün təcili addımların atılması zəruridir: "Bu cür fantastik və ədalətsiz qiymət fərqinin aradan qaldırılması üçün yalnız inzibati qadağalar deyil, eyni zamanda bazarın şəffaflığının artırılması, fermerlərin birbaşa olaraq istehlak bazarlarına çıxışının təmin edilməsi və sağlam rəqabət mühitinin gücləndirilməsi həyati əhəmiyyət daşıyır; əgər regionlarda alternativ satış şəbəkələri, o cümlədən birbaşa fermer yarmarkaları, kəndli bazarları və kooperativ təsərrüfat şəbəkələri kütləvi şəkildə genişləndirilərsə, bu, vasitəçilərin rolunu minimuma endirəcək və nəticədə həm vətəndaşlar keyfiyyətli məhsulu münasib qiymətə əldə edə biləcəklər, həm də yerli istehsalçılar qazandıqları gəlirlə yenidən istehsalı daha da stimullaşdırmaq imkanı əldə edəcəklər".
Tunar,











