Nazirlik Azər Aydəmirə 657 min manat ödəyəcək? – Özü danışdı (EKSKLÜZİV)

Nazirlik Azər Aydəmirə 657 min manat ödəyəcək? – Özü danışdı (EKSKLÜZİV)

Azərbaycanda “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin istehsalına başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat əldə edib.

Məlumata görə, ARKA bununla bağlı “Aydəmir Entertainment” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Müqavilədə “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib.

Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən “Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan aktyor Azər Aydəmir qeyd edib ki, məlumat tələsik yayılıb.

Belə ki, o, qeyd edib ki, müqavilə bağlamışıq, amma hələlik o mərhələdə deyilik:

“Hazırda məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur, yəni növbəti mərhələyə keçməmişik, sadəcə müqavilə bağlamaq ərəfəsindəyik. Buna görə də hələlik sizə konkret heç nə deyə bilmirəm. Biz indi materiallarla tanış oluruq”.

Azər Aydəmir “bəs tamaşaçı üçün filmdə əsas mesaj nədir? sualına isə belə cavab verib:

“Burada əsas məqsəd kökümüzü öyrənməkdir. Ən əsası, darıxdırıcı dildə yox, daha rahat və kinematoqrafik üslubda tariximizi, köklərimizi, əcdadlarımızı yaxından tanıtmaqdır”.

Gülər