Neftçala rayonunun səhiyyə sistemində baş verən kütləvi ixtisarlar yerli əhali və tibb işçiləri arasında ciddi narazılıqla qarşılanıb. Rayonun Xolqaraqaşlı Kənd Sahə Xəstəxanasında aparılan "islahatlar" nəticəsində onlarla əməkdaşın işdən azad edilməsi həm tibbi xidmətin keyfiyyətini təhlükə altına qoyur, həm də yüzlərlə ailəni gəlir mənbəyindən məhrum edir.
NOCOMMENT.az-a daxil olan şikayətdə qeyd edilir ki, xəstəxananın 54 əməkdaşından 34-nün qəfil qərarla işdən çıxarılması kollektiv üçün tamamilə gözlənilməz olub. İxtisara düşənlərin 20-si kiçik tibb işçisi, 21 tibb bacısından isə 13-ü olmaqla ümumilikdə 13 nəfər tibb bacısı ixtisar olunub. İşçilərə qərarın səbəbləri ilə bağlı heç bir aydın izahat verilmədiyi, yalnız yeni iş tapmaları üçün iki aylıq möhlət tanındığı bildirilir. Narazı əməkdaşlar ixtisar prosesinin şəffaf aparılmadığını, bəzi şəxslərin isə şəxsi əlaqələr hesabına işdə saxlanıldığını iddia edirlər. Rəsmi qurumlar ixtisarları hər 600-800 nəfərə bir tibb bacısı normativi ilə əsaslandırsa da, xəstəxananın xidmət göstərdiyi iki kənddə ümumilikdə 4800 nəfərin yaşadığını nəzərə alanda bu rəqəmlər əhali üçün ciddi problem yaradır. İşçilərə kompensasiya və ya işsizlik ödənişləri barədə hələ də heç bir məlumat verilməyib.
İxtisarların yaratdığı digər ciddi problem isə tibbi xidmətin əlçatanlığının məhdudlaşdırılmasıdır. Sakinlər bildirirlər ki, kadr çatışmazlığı ucbatından xəstəxanada artıq gecə növbəsi fəaliyyət göstərmir. Rayon mərkəzindən 55 kilometr uzaqda yerləşən kənd sakinləri üçün bu, həm təcili yardımın gecikməsi, həm də digər ilkin tibbi xidmətlərdən kənar qalmaq deməkdir.
Şikayətçilər hesab edir ki, aparılan "islahatlar" kadrların ixtisarına deyil, ərazidəki real tibbi ehtiyacların ödənilməsinə, o cümlədən təcili yardım xidmətinin təkmilləşdirilməsinə yönəlməli idi. Mütəxəssislər isə bu addımların sadəcə büdcə qənaəti məqsədi daşıdığını və vətəndaşların təməl tibbi xidmət hüququna zərbə vurduğunu vurğulayırlar.
Qeyd edək ki, bu, regionlarda səhiyyə işçilərinin ixtisarı ilə bağlı ilk narazılıq deyil və oxşar hallar ölkənin digər rayonlarında da müşahidə olunmaqdadır.
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza verilən cavabda bildirilib ki, TƏBİB tərəfindən tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində insan resurslarının planlaşdırılması, ştat vahidlərinin mövcud tələbatla uyğunluğunun qiymətləndirilməsi və səhiyyə xidmətlərinin təşkili ilə bağlı təhlillər aparılır. Təhlillər zamanı əhalinin tibbi xidmətlərə ehtiyacı, kadr təminatı, göstərilən xidmətlərin həcmi, çarpayı fondunun istifadəsi və tibbi heyətin faktiki iş yükü əsas meyarlar kimi nəzərə alınır. Həyata keçirilən tədbirlər mövcud resursların daha səmərəli idarə olunmasına, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına xidmət edir.
Neftçala Rayon Mərkəzi Xəstəxanası da daxil olmaqla tabeli tibb müəssisələri üzrə aparılan təhlillər hazırda davam edir. Təhlillər çərçivəsində tibb müəssisələrinin fəaliyyət göstəriciləri, ştat strukturları və insan resurslarından istifadə vəziyyəti qiymətləndirilir. Təhlillərin nəticələri əsasında mövcud ehtiyaclar, xidmət həcmi və faktiki iş yükü nəzərə alınmaqla müvafiq qərarlar qəbul ediləcəkdir. Bütün qərarlar əhalinin tibbi xidmətlərə çıxış imkanları, xidmətlərin fasiləsizliyi və əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla veriləcəkdir.
Tunar,












