Ordumuzda yeni hazırlıq - Nələr öyrədilir?

Ordumuzda yeni hazırlıq - Nələr öyrədilir?

Bakıda NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən təlim kursu keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hərbi qulluqçular üçün 'NATO-da təlimlərin planlaşdırılması', 'NATO standartlarına uyğun təlimlərin keçirilməsi və məqsədlərin müəyyən edilməsi' və digər mövzular üzrə brifinqlər təqdim olunub. Daha sonra qrup və fərdi məşğələlər təşkil edilib. Kursda Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi İdarəetmə kursunun dinləyiciləri iştirak edirlər.

Təlimin əsas məqsədi hərbi qulluqçuların müasir tələblərə uyğun nəzəri və praktiki biliklərinin artırılması, müasir texnoloji həllərin, metod və vasitələrin tətbiqinin öyrədilməsi, eləcə də bu sahədə NATO standart və prosedurlarının mənimsənilməsidir. Burada söhbət Azərbaycanın NATO-ya üzvlüyündən deyil, Silahlı Qüvvələrin hazırlıq səviyyəsinin artırılması, təlimlərin planlaşdırılması və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsindən gedir. Bu cür təlimlər həm də Azərbaycanın beynəlxalq sülhməramlı missiyalarda və müxtəlif çoxtərəfli hərbi əməkdaşlıq formatlarında iştirak edən şəxsi heyətinin hazırlıq səviyyəsini yüksəltməyə imkan yaradır.

NOCOMMENT.az xəbər verir ki, qlobal geosiyasi qarşıdurmaların kəskinləşdiyi və regionda hərbi risklərin artdığı bir dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müasir döyüş standartlarına adaptasiyası prosesi sürətlə davam edir. Bakıda NATO Mobil Təlim Qrupunun iştirakı ilə reallaşan bu xüsusi kurs ölkəmizin hərbi təhsil sisteminin rəqəmsal və texnoloji yeniliklərə uyğunlaşdırılması istiqamətində mühüm addımdır. Azərbaycan Ordusunun post-müharibə dövründə bəyan etdiyi "türk ordusu modeli"nə keçid strategiyası əslində birbaşa NATO standartlarının mənimsənilməsini nəzərdə tutur və bu cür təlimlər ordumuzun qlobal idarəetmə sistemləri ilə tam inteqrasiyasını təmin edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hərbi ekspert Azad İsazadə qeyd edib ki, Bakıda keçirilən bu kurs sadəcə bəsit bir proqram deyil, Azərbaycan Ordusunun idarəetmə beynini müasirləşdirən strateji kadr hazırlığıdır: "Azərbaycanın NATO ilə əməkdaşlığı onilliklərə dayanır, lakin indiki mərhələdə bu münasibətlər tam fərqli müstəviyə keçib. Biz İkinci Qarabağ müharibəsindən sonra ordumuzu Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun yenidən qururuq. Türkiyə isə NATO-nun ən güclü ordularından biridir. Yəni Bakıda keçirilən bu kurs əslində ordumuzun taktiki və strateji qərargah sisteminin Şimali Atlantika Alyansının idarəetmə prinsiplərinə tam uyğunlaşdırılmasına xidmət edir. Burada zabitlərimizə təlimlərin müasir texnoloji həllərlə, rəqəmsal xəritələr və kiber-təhlükəsizlik elementləri ilə necə planlaşdırılması və idarə olunması mexanizmləri öyrədilir. Söhbət ölkənin NATO-ya üzv olmasından getmir; əsas məqsəd ordumuzun istənilən beynəlxalq və regional koalisiyada, sülhməramlı missiyalarda və müştərək hərbi əməliyyatlarda digər müasir ordularla birgə, qüsursuz fəaliyyət imkanlarını artırmaqdır".

Ekspertin sözlərinə görə, Milli Müdafiə Universitetinin dinləyicilərinin bu təlimə cəlb edilməsi Azərbaycanın hərbi təhsil sistemində köhnə sovet doktrinasından tamamilə imtina edildiyinin bariz sübutudur: "Kurs proqramında NATO standartları əsasında məqsədlərin müəyyən edilməsi və müasir idarəetmə metodlarının tətbiqi yer alır. Bu, o deməkdir ki, gələcəyin generalları və qərargah rəisləri olacaq gənc zabitlərimiz qərar qəbul etmə prosesində daha çevik, müstəqil və analitik düşüncə prinsiplərini mənimsəyirlər. Müasir müharibələr təkcə fiziki güclə deyil, intellekt, rəqəmsal idarəetmə və düzgün planlaşdırma ilə qazanılır. NATO-nun təlim metodologiyası isə dünyada özünü doğrultmuş ən effektiv sistemdir. Bu cür əməkdaşlıq formatları həm regional təhlükəsizlik balansında Azərbaycanın çəkisini artırır, həm də ordumuzun potensial təhdidlərə qarşı preventiv (qabaqlayıcı) cavab vermək qabiliyyətini ən yüksək səviyyəyə çatdırır".