Rusiya yanacaq üçün bu ölkəyə üz tutdu: Cavab necə olacaq?

Rusiya yanacaq üçün bu ölkəyə üz tutdu: Cavab necə olacaq?

Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi raket və dron zərbələri nəticəsində bu ölkədə yanacaq qıtlığı yaşanır, yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb və bu vəziyyət qonşu dövlətin ümumi iqtisadi vəziyyətinə də mənfi təsir edir. Rusiya hökuməti mövcud vəziyyətdən çıxış yolu kimi qonşularına müraciət etməyə başlayıb. Rusiya Belarusdan sonra Qazaxıstandan da yanacaq-sürtkü materialları almaq istəyir.

Ukrayna ordusunun Rusiyanın dərinliklərində yerləşən strateji və iqtisadi infrastruktur obyektlərinə, xüsusən də neft emalı sənayesinə qarşı həyata keçirdiyi intensiv və nöqtəvi dron hücumları Kremlin hərbi-iqtisadi maşınına sarsıdıcı zərbə vurub. Müharibənin Rusiya daxilində energetika böhranı yaratması, daxili bazarda yanacaq qıtlığını pik həddə çatdırıb və Moskvanı regional tərəfdaşlarından təcili yardım istəmək məcburiyyətində qoyub. Lakin Qərb sanksiyalarının sərt basqısı altında olan qonşu dövlətlərin, xüsusən də mərkəzi Asiyanın lokomotivi hesab edilən Qazaxıstanın bu məsələdə nümayiş etdirdiyi ehtiyatlı və məsafəli mövqe Moskvanın geosiyasi tənhalığını bir daha qabardır.

Bu barədə NOCOMMENT.az-a politoloq Elxan Şahinoğlu deyib: "Qazaxıstan hökuməti bu məsələylə bağlı qərar verməyə tələsmir. Çünki, Rusiyanı yanacaqla təmin etmək beynəlxalq aləmdə bu ölkənin Ukraynaya qarşı işğalçı müharibəyə dəstəyi kimi qiymətləndiriləcək. Buna görə də Qazaxıstan Energetika Nazirliyindən bildirilib ki, neft məhsullarının tədarükü sahəsində beynəlxalq sazişlərin və kommersiya müqavilələrinin bağlanması yalnız sərbəst resurs potensialı mövcud olduğu təqdirdə mümkündür. Açıqlamada həm də o vurğulanıb ki, Astana üçün mütləq prioritet ölkənin daxili bazarının tam və fasiləsiz təminatıdır: 'Qonşu dövlətlərə ixrac tədarükü yalnız Qazaxıstanın öz vətəndaşlarının və iqtisadiyyatının tələbatının ödənilməsi üçün heç bir risk yaranmadığı təqdirdə həyata keçirilə bilər'. Astana bütün riskləri, xüsusilə ikinci dərəcəli Qərb sanksiyalarına məruz qalmaq təhlükəsini əvvəlcədən hesablamaq və öz iqtisadi suverenliyini qorumaq məçburiyyətindədir".

Tunar,
NOCOMMENT.az