Ermənistan ilə Rusiya arasında siyasi və hərbi sahədə müəyyən gərginliklərin yaşanmasına baxmayaraq, rəsmi İrəvan iqtisadi və strateji asılılıq səbəbindən Moskva ilə münasibətləri tamamilə qoparmaq niyyətində olmadığını nümayiş etdirir. Baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putin haqqında gözlənilməz və tərif dolu bəyanatla çıxış edib.
NOCOMMENT.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, keçirdiyi brifinq zamanı Nikol Paşinyan ölkəsinin Rusiya ilə qaz tədarükünə dair uzunmüddətli və möhkəm müqavilələrinin olduğunu xatırladıb. Baş nazir tərəflərdən hər hansı birinin bu öhdəliklərdən birtərəfli qaydada imtina edəcəyi bir ssenarini təsəvvür etməyin çətin olduğunu bildirib.
Bununla belə, o, Ermənistan hökumətinin daxili təhlükəsizlik və enerji şaxələndirilməsi naminə hadisələrin bütün mümkün inkişaf ssenarilərini diqqətlə analiz etdiyini də gizlətməyib.
Paşinyan Rusiya lideri ilə şəxsi münasibətlərinə və onun xarakterinə də toxunaraq maraqlı fikirlər səsləndirib: "Mən səkkiz ildən artıqdır ki, Rusiya prezidenti ilə birlikdə işləyirəm və onu faktlara əsaslanan, rasional bir insan kimi tanıyıram. Əgər onun hər hansı bir mövzuda narahatlığı və ya şübhəsi varsa, biz səbirlə bu narahatlıqları aradan qaldırmağa və onu inandırmağa çalışacağıq". Siyasi analitiklər Paşinyanın bu addımını İrəvanın Avropa İttifaqı və NATO ilə yaxınlaşmasından qəzəblənən Kremli sakitləşdirmək və enerji təhlükəsizliyini təminat altına almaq üçün atılmış pərdəarxası diplomatik manevr kimi qiymətləndirirlər.
Sara,
NOCOMMENT.az












