İrəvana bu tarixdə gedə biləcəyik - İlginc ANONS

İrəvana bu tarixdə gedə biləcəyik - İlginc ANONS

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveçrənin Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər Cənubi Qafqazda nəqliyyat və kommunikasiya xətlərinin açılması istiqamətində yeni reallıqların yaranmaqda olduğunu göstərir.

Nazir bəyan edib ki, Azərbaycan dövləti üzərinə düşən öhdəlikləri yüksək sürətlə yerinə yetirir, dəmir yolu xətlərinin çəkilməsi və avtomobil yolu layihələrinin icra səviyyəsi kifayət qədər yüksəkdir, həmçinin 2027-ci ilin əvvəlinədək hər iki layihənin Ermənistan sərhədinədək çatdırılması planlaşdırılır. Xüsusilə Naxçıvan Muxtar Respublikası ərazisində təxminən 180 kilometr uzunluğunda mövcud olan, lakin təxminən 30 il ərzində istismar olunmadığı üçün bərpasına və genişmiqyaslı yenidənqurma işlərinə ehtiyac duyulan dəmir yolu xətti istiqamətində də praktiki addımların atıldığı bildirilib.

Eyni zamanda, qardaş Türkiyə ərazisində inşasına başlanan və uğurla davam etdirilən Qars–Iğdır–Dilucu dəmir yolu layihəsi də bölgənin nəqliyyat xəritəsini kökündən dəyişdirəcək mühüm həlqələrdən biri kimi diqqət çəkir. Bütün bu strateji layihələrin vaxtında başa çatdırılması təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin bərpasına xidmət etməyəcək, eyni zamanda qlobal miqyasda Şərq–Qərb və Orta Dəhliz marşrutlarına tamamilə yeni ölçü və imkanlar qazandıracaq. Bu isə haqlı olaraq cəmiyyətdə və mətbuatda gələn il regionda sərhədlərin tam açılması, kommunikasiyaların bərpası və hətta İrəvana qədər səfərlərin reallaşacağı ilə bağlı suallar və maraqlı gözləntilər yaradır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Malik Qədimoğlu qeyd edib ki, Azərbaycanın nəqliyyat kommunikasiyalarının açılması istiqamətində sərgilədiyi bu ardıcıl və qətiyyətli mövqe rəsmi Bakının sülh gündəliyinə nə qədər sadiq olduğunu və iqtisadi-kommunikasiya inteqrasiyasını hər şeydən üstün tutduğunu bir daha nümayiş etdirir: "Azərbaycan öz ərazisində Zəngəzur dəhlizi və digər alternativ marşrutlar üzrə bütün infrastruktur işlərini qrafikə uyğun şəkildə, yüksək sürətlə başa çatdırmaqdadır ki, bu da rəsmi İrəvan üzərinə ciddi siyasi və praktiki məsuliyyət qoyur. İllərdir davam edən nəqliyyat blokadasının aradan qaldırılması təkcə ikitərəfli münasibətlərin normallaşması deyil, bütövlükdə regionun iqtisadi dirçəlişi üçün katalizator rolunu oynayacaq".

Onun sözlərinə görə, əgər Ermənistan rəhbərliyi də siyasi iradə nümayiş etdirərək öz üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, yaxın gələcəkdə regionda nəqliyyat əlaqələrinin tam bərpası, o cümlədən qarşılıqlı səfərlərin və iqtisadi ticarətin reallaşması tamamilə real perspektivə çevrilə bilər: "Ceyhun Bayramovun yaxın illəri hədəf göstərməsi təsadüfi deyil və bu, o deməkdir ki, texniki baxımdan Azərbaycan tərəfdən heç bir gecikmə olmayacaq, lakin prosesin sürəti və miqyası Ermənistanın destruktiv mövqedən əl çəkərək real regional əməkdaşlığa hansı tezliklə qoşulacağından birbaşa asılı olacaq. Regionda sülhün təmin olunması və kommunikasiyaların açılması ilk növbədə İrəvanın özünün iqtisadi inkişafı üçün həyati əhəmiyyət daşıyır, çünki əks təqdirdə Ermənistan növbəti illərdə də təcrid olunmuş vəziyyətdə qalmağa məhkum olacaq".