Ermənistanda iyunun 7-nə təyin edilmiş və regionun gələcək taleyini həll edəcək tarixi parlament seçkilərinə artıq cəmi iki gün qalıb və qanunvericiliyə uyğun olaraq sabah ölkədə bütün növ təbliğat-təşviqat kampaniyalarının qadağan edildiyi rəsmi “sükut günü” başlayır.
Bu seçkilər sıradan bir daxili səsvermə statusundan tamamilə çıxaraq, Cənubi Qafqazın yeni geosiyasi xəritəsini cızacaq, Qərb və Rusiya arasında region uğrunda gedən amansız nüfuz müharibəsinin kulminasiya nöqtəsinə çevrilib. Moskva üçün Paşinyan hakimiyyətinin rəsmən devrilməsi və Cənubi Qafqazdakı son forpostunun qorunması faktiki olaraq bir “olum-ölüm” məsələsinə çevrildiyi üçün, Kremlin bütün rəsmi ruporları, o cümlədən Rusiya XİN sözçüsü Mariya Zaxarova diplomatik etikanı kənara qoyaraq açıq təhdid ritorikası ilə erməni xalqını mövcud sülh xəttinə qarşı üsyana və hakimiyyət çevrilişinə səsləyir. Digər tərəfdən, daxildəki revanşist müxalifət bloklarının əsas hədəfinin xarici siyasəti dəyişməkdən daha çox, sırf fərdi və qrup maraqları naminə Paşinyanı kreslodan salmaq və hüquqi məsuliyyətdən yayınmaq olduğu aydın görünsə də, Ermənistanın mövcud seçki qanunvericiliyi və sosioloji sorğular bu qüvvələrin parlament arzusunu böyük sual altında qoyur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, Ermənistanda 7 iyun seçkiləri ərəfəsində formalaşan real ictimai-siyasi mənzərə və rəy sorğuları, Nikol Paşinyanın "Mülki Müqavilə" partiyasının hələ də 30 faiz civarında mütləq üstünlüklə yarışın favoriti olduğunu, revanşist müxalifətin isə ağır məğlubiyyət astanasında dayandığını göstərir: "Mariya Zaxarovanın, erməni müxalifətinin dili ilə desək 'Maşa'nın kəskin bəyanatları və rus kəşfiyyatının İrəvanda törətmək istədiyi hibrid təxribatlar erməni cəmiyyətində əks-effekt verib. Ermənistan seçicisi yaxşı anlayır ki, Rusiyayönümlü qüvvələrin hakimiyyətə gəlməsi ölkəni Qərbin iqtisadi yardımlarından məhrum edəcək və yeni bir müharibə xaosuna sürükləyəcək. Bu səbəbdən Paşinyanın sülh və Avropa İttifaqına inteqrasiya vədləri, Robert Koçaryanın 'erməniləri xilas etmək' bəhanəsi ilə təqdim etdiyi rus imperiya ssenarisindən daha cəlbedici görünür. İctimai rəy artıq Paşinyanın lehinə rəsmiləşib".
Politoloqun sözlərinə görə, seçkilərdə iştirak edən 19 siyasi qüvvə və alyans arasında parlamentə düşmək üçün müəyyən edilən hüquqi baryerlər bir çox pro-rus partiyaların sonu olacaq: "Ermənistan qanunvericiliyinə görə, fərdi partiyalar üçün keçid həddi 4 faiz, siyasi bloklar və ittifaqlar üçün isə tərkibindən asılı olaraq 8-10 faiz təşkil edir. Sizin qeyd etdiyiniz o şərti 12 faizlik psixoloji və siyasi çəki baryerinin altında qalacaq, yəni parlamentə düşsə belə koalisiya qurmaq gücü olmayacaq qüvvələrin başında rəsmən Robert Koçaryanın rəhbərlik etdiyi 'Ermənistan' (Hayastan) alyansı və oliqarx Samvel Karapetyanın rus kapitalı ilə maliyyələşdirdiyi yeni 'Güclü Ermənistan' bloku gəlir. Sorğular göstərir ki, Koçaryan və komandası parlamentə güclə daxil ola bilsələr də, xalqın böyük nifrəti ucbatından siyasi azlıqda qalacaqlar və heç bir halda hökuməti formalaşdıra bilməyəcəklər. Qaqik Tsarukyanın 'Çiçəklənən Ermənistan' partiyası və Serj Sərkisyanın qalıqları isə ümumiyyətlə bu baryerlərin altında boğularaq siyasi arenadan silinmək təhlükəsi ilə üz-üzədir".
Qabil Hüseynli səsvermə günü və dərhal sonra ölkədə ciddi fors-major vəziyyətlərin yaradılma ehtimalının kifayət qədər yüksək olduğunu xüsusi vurğulayıb: "Moskva seçki qutularından öz istədiyi nəticəni çıxara bilməyəcəyini, Paşinyanın sülh xəttinin qalib gələcəyini dəqiq bilir. Məhz bu səbəbdən iyunun 7-də səsvermə prosesi başa çatdıqdan sonra, Koçaryan və digər revanşist qruplar indidən hazırladıqları 'seçki saxtakarlığı' bəhanəsi ilə İrəvan küçələrində kütləvi iğtişaşlar, dövlət binalarına basqınlar və silahlı qarşıdurmalar törətməyə cəhd edəcəklər. Kreml daxili xaotik dalğa və qan tökülməsi vasitəsilə Ermənistanda hərbi xunta rejiminin qurulmasına və Azərbaycanla iyunda imzalanması nəzərdə tutulan yekun sülh sazişinin tamamilə masadan qaldırılmasına çalışır. Lakin Paşinyan hökumətinin daxili güc strukturları və Qərbin, xüsusən də ABŞ və Avropa İttifaqının İrəvana verdiyi birbaşa kəşfiyyat və təhlükəsizlik dəstəyi, Rusiyanın bu qanlı dövlət çevrilişi ssenarisinin qarşısında ən böyük maneədir. Bazar günü Ermənistanda sadəcə səsvermə yox, bütöv bir regionun gələcək təhlükəsizlik arxitekturası müəyyən olunacaq".
Tunar,
NOCOMMENT.az












