Masazır gölünün yaxınlığında antisanitar vəziyyət hökm sürür.
NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidən keçən kanalizasiya xəttinin sıradan çıxması nəticəsində çirkab suları ətrafa yayılıb.
Onlar problemin aradan qaldırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin indiyədək məsələnin həllini tapmadığını qeyd edirlər.
“Baxan yoxdur, 10 gündür vəziyyət belədir. Qəribə həşəratlar peyda olub, üfunət iyindən pəncərələri aça bilmirik”, – deyə sakinlər narazılıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Masazır gölü yaxınlığında məskunlaşan əhali tərəfindən kanalizasiya xətlərinə müxtəlif məişət tullantılarının atılması nəticəsində qalıqlar yaxınlıqdakı nasos stansiyasında toplanaraq aqreqatların fəaliyyətində ciddi nasazlıqlar yaradıb.
Qurumdan verilən məlumata görə, hazırda yaranmış problemin aradan qaldırılması və avadanlıqların təmiri istiqamətində müvafiq işlər görülür. /BAKU TV/











