Azərbaycanda səhiyyə sisteminin ən xroniki problemlərindən biri bölgələrdə həkim çatışmazlığıdır.
Rayon xəstəxanaları bina baxımından təmir olunur, avadanlıq alınır, amma kabinetlərdə həkim yoxdur və ya olan həkimə etibar edilmir. İnsanlar diaqnoz üçün, hətta sadə müayinə üçün belə “Bakıya gedəcəyəm” deməyi vərdiş halına gətirib.
Bu vəziyyət təkcə tibbi yox, sosial, iqtisadi və institusional problemdir və onu yalnız maaş artırmaqla və ya gənc həkim göndərməklə həll etmək mümkün deyil.
Türkiyədə uzun illər tətbiq olunan məcburi xidmət modeli tez-tez Azərbaycana nümunə göstərilir. Bu modelə görə həkim diplom aldıqdan sonra müəyyən müddət regionlarda çalışmadan ixtisas, akademik yüksəliş və ya paytaxtda iş imkanı əldə edə bilmir. Prinsip etibarilə bu model Azərbaycanda da tətbiq oluna bilər, amma mexaniki surətdə deyil. Türkiyədə bu sistem yalnız məcburiyyətə yox, paralel olaraq karyera stimullarına, ciddi nəzarətə və institusional intizama söykənir.
Azərbaycanda isə sadəcə “məcburi göndəriş” tətbiq edilsə, bu, ya formal işləyən, ya da ilk fürsətdə sistemi tərk edən həkim ordusu yaradacaq.
Bəs, problemdən çıxış yolu nədədir? Türkiyədə tətbiq edilən model kimi – həkimlərin rayonlarda məcburi çalışma öhdəlikləri Azərbaycanda tətbiq oluna bilərmi? Hansı radikal addımlar atılmalıdır?

NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bölgələrə həkim cəlbi üçün problem büdcənin həcmi yox, xərclənmə fəlsəfəsidir:
“Dövlət istəsə, rayon səhiyyəsi üçün ildə əlavə 300–500 milyon manat ayıra bilər. Bu, Azərbaycan büdcəsi üçün böyük rəqəm deyil. Amma bu pul sadəcə maaşa gedərsə, sistem dəyişməyəcək. Effekt üçün investisiya həkimin karyerasına, təhsilinə, yaşayışına və peşəkar mühitinə yönəlməlidir”.
İqtisadçının fikrincə, bölgələrdə səhiyyəni düzəltmək üçün təkcə pul yox, prioritet dəyişikliyi lazımdır:
“Bölgələrdəki həkim çatışmazlığını yalnız təcrübəsiz həkimlərlə doldurmaq isə təhlükəli yanaşmadır.
Gənc həkimlər səhiyyə sisteminin gələcəyidir, amma onları nəzarətsiz və mentor olmadan rayonlara göndərmək həm tibbi səhvlərin artmasına, həm də cəmiyyətin rayon səhiyyəsinə inamsızlığının dərinləşməsinə səbəb olur.
İnsanlar “rayon həkimi təcrübəsizdir” fikrinə məhz bu təcrübələr nəticəsində gəliblər. Türkiyədə gənc həkim regiona gedirsə, onun üzərində həm tibbi, həm inzibati nəzarət var və ağır hallarda məsuliyyət paylaşılır. Azərbaycanda isə çox vaxt gənc həkim rayon xəstəxanasında faktiki olaraq tək buraxılır.
Bundan başqa, yüksək maaş məsələsi də çox müzakirə olunur.
Şübhəsiz ki, maaş vacib faktordur, amma təkbaşına həll deyil. Əgər həkim bölgədə peşəkar inkişaf imkanları, müasir tibbi mühit, normal iş yükü, ailəsi üçün sosial şərait görmürsə, yüksək maaş onu maksimum bir neçə il saxlaya bilər. Bu daha çox “pul qarşılığında səbr” modelidir və uzunmüddətli sistem qurmaq üçün yetərli deyil. Bir çox ölkələrin təcrübəsi göstərir ki, maaş artımı struktur islahatlar olmadan yalnız müvəqqəti effekt yaradır”.

Məsələ ilə bağlı saytımıza danışan professor Adil Qeybulla isə problemin əsas səbəblərindən birini etibar böhranında görür.
Onun sözlərinə görə, rayon həkimlərinə inamsızlıq bəzən real tibbi keyfiyyətdən yox, sistemin özü haqqında formalaşmış stereotiplərdən qaynaqlanır:
“Rayon həkimi savadsız deyil, amma sistem onu güclü göstərmir. Konsilium yoxdur, ikinci rəy mexanizmi işləmir, texnologiya ilə dəstək zəifdir. İnsan Bakıda həkimə gedəndə bilir ki, səhv olsa, alternativ var. Rayonda isə xəstə özünü tək hiss edir”.
Professorun fikrincə, bu hiss dəyişmədikcə, həkimi rayona göndərməklə problem həll olunmayacaq:
“”Bakıya gedəcəm” cavabının kökündə də məhz bu dayanır.
İnsanlar paytaxtı daha savadlı həkimlərin yox, daha etibarlı sistemin məkanı kimi görür.
Paytaxtda həkim səhv edərsə, məsuliyyət mexanizmi var, alternativ seçim var, özəl və dövlət sektoru arasında balans var. Rayonlarda isə həkim həm təkdir, həm də sistem tərəfindən qorunmur və nəzarət olunmur”.











