Ölkəmizdə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addım atılıb. Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən yeni əlavələrə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformalarda fərdi rəqəmsal hesablarının yaradılmasına qadağa qoyulur.
Yeni qaydalara görə, provayderlər platformalarda yaş məhdudiyyətinə ciddi nəzarət etməlidirlər. Bunun üçün əvvəlcə şəxsin yaşı bəyan edilməli, daha sonra isə bank kartı, elektron poçt və mobil nömrə vasitəsilə həmin yaşın doğruluğu yoxlanılmalıdır. Həmçinin 16-18 yaş arası yeniyetmələr üçün qanuni nümayəndənin razılığı tələb olunacaq.
Pedaqoji və informasiya təhlükəsizliyi baxımından geniş müzakirələrə səbəb olan bu qadağanın uşaqların gələcəyi üçün hansı müsbət nəticələr verə biləcəyi cəmiyyəti yaxından maraqlandırır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, bu cür sərt tənzimləmə mexanizmləri uşaqların rəqəmsal təhlükələrindən qorunmasında həlledici rol oynayacaq: "Erkən yaşda sosial şəbəkələrə çıxış uşaqların psixologiyasına, diqqət toparlama qabiliyyətinə və ümumi inkişafına mənfi təsir göstərən amillərdəndir. Eyni zamanda, azyaşlılar internet mühitində kiberbulyinq, fırıldaqçılıq və zərərli kontentlərlə tez-tez üzləşirlər."
Onun sözlərinə görə, yaş məhdudiyyətinin texniki üsullarla – bank kartı, mobil nömrə və valideyn razılığı ilə tənzimlənməsi qanunun effektivliyini qat-qat artıracaq: "Bu, valideynlərin uşaqlarının rəqəmsal fəaliyyətinə nəzarətini gücləndirməklə yanaşı, cəmiyyətdə informasiya mədəniyyətinin formalaşmasına da xidmət edəcək. Beləliklə, uşaqlar zərərli informasiya axınından qorunacaq və vaxtlarını daha səmərəli keçirə biləcəklər."
Tunar,










