Azərbaycanda dəhşətli virus yayılıb? - Önəmli açıqlama

Azərbaycanda dəhşətli virus yayılıb? - Önəmli açıqlama

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkə üzrə donuz təsərrüfatlarında genişmiqyaslı monitorinqlərə start verməsi ictimaiyyətdə və mütəxəssis dairələrində ciddi maraq doğurub. Qurumun açıqlamasına əsasən, avqustun 10-dan 14-dək bir sıra şəhər və rayonlarda xüsusi epizootoloji araşdırmalar aparılacaq. Əsas məqsəd isə respublikamızın Afrika donuz taunundan azad statusunun qorunması, mövcud epidemioloji vəziyyətin dərindən qiymətləndirilməsi və əldə olunan nəticələrin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilməsidir.

Bəs, bu monitorinqlər sadəcə planlı profilaktik tədbirdir, yoxsa regionda artan real risklərin göstəricisidir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən tanınmış professor Adil Qeybulla bildirib ki, bu cür tədbirlər hər zaman qabaqlayıcı xarakter daşımalıdır: "Afrika donuz taunu baytarlıq-sanitariya baxımından olduqca təhlükəli və sürətlə yayılan viral infeksiyalardan biridir. Belə xəstəliklər sərhəd tanımır və qonşu dövlətlərdə epidemioloji vəziyyətin dəyişməsi avtomatik olaraq digər ölkələr üçün də risk yaradır."

Professorun sözlərinə görə, AQTA-nın vaxtında hərəkətə keçməsi və monitorinq keçirməsi gələcəkdə baş verə biləcək böyük iqtisadi zərərlərin və kütləvi yoluxmaların qarşısının alınmasında həlledici rol oynayır: "Bu infeksiya təkcə təsərrüfatlara deyil, bütövlükdə ölkənin ərzaq təhlükəsizliyinə və iqtisadiyyatına ciddi zərbə vura bilər. Ona görə də epizootoloji nəzarətin gücləndirilməsi, vəhşi və ev donuzları arasında mütəmadi yoxlamaların aparılması dövlət səviyyəsində atılan ən düzgün və zəruri addımlardandır."