Azərbaycan Yazıçılar Birliyində (AYB) qalmaqal böyüyür.
NOCOMMENT.az xəbər verir ki, bu barədə AYB üzvü şair Taleh Mansur öz Feysbuk profilində yazıb.
O qeyd edib: "Əziz dostlar, heç vaxt sizdən kömək və ya dəstək istəməmişəm, nə maddi, nə də mənəvi. Necə deyərlər, gün bu gündür, bıçaq sümüyə dirənib deyə, hər birinizdən ürək və vicdanınızın imkanı yetəcək qədər mənəvi dəstək gözləyirəm Birbaşa mətləbə keçəcəm. Deməli, adı və əməlləri ilə hamıya yaxşı tanış olan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Rauf Aslanov illərdi şəxsimə qarşı qərəzli mövqeyi ilə at oynadır... Səbəbi isə çox sadədir, bəziləri kimi boyun əymirəm, "ipə-sapa yatmıram", haqqı deyirəm və haqdan yanayam".
Şairin sözlərinə görə, bu adama qurum daxilində dur deyə biləcək şəxs də yoxdur:
"Ümidim göydə Allaha, yerdə məmləkətin Prezidentinə, hüquq-mühafizə orqanlarına, ziyalılara, yazıçı və şairlərə, jurnalist həmkarlara, dostlara, yoldaşlaradı. Qanun çərçivəsində adamın şəxsimə yönəlik qərəzli davranışlarına hüquqi və mənəvi qiymət verilməsini istəyirəm!".
İttihamlara cavab verən Rauf Aslanov məlum postdan xəbərsiz olduğunu söyləyib. O, Bakıvaxtı.az-a bildirib ki, Taleh şair kimi də, insan kimi də çox yaxşıdır:
"O, AYB-də deyil, “Ulduz” jurnalında çalışır. Onu ayda bir dəfə görürəm, ya görmürəm. Ona qarşı nə qərəzim ola bilər? Bilirəm, çətinlikləri var, kirayədə qalır, ev almaq da çətindir. Amma bilməlidir ki, Qazax qeydiyyatında olub, 5 il müddətində AYB-dən ev ala bilməz. Mən bunu da anlyıram. Hirslənib, yazıb. Amma yaxşı oğlandır. Gənc, istedadlı oğlandır. Onun yaxşı gələcəyi var. Mən hara, o hara? Aramızda nə qərəz ola bilər?! AYB-nin Anar müəllim kimi rəhbəri var”.
Müsahibimiz T.Mansurun belə status yazmasının onun üçün gözlənilməz olduğunu söyləyib:
“O, bunu eləyibsə də, yenə səhvini başa düşə bilər. Onun barəsində pis söz deyə bilmərəm. Yaxşı oğlandı. Çətinlikləri var, damarına düşüb yazıb, sağ olsun. Araşdırsa, səhvini tapar. Nə sözü varsa, “Ulduz”un rəhbəri Qulu müəllimə müraciət edə bilər. Qulu müəllim də bizim dostumuzdur”./Bakıvaxtı.az/











