Azərbaycanın müasir dövlətçilik tarixi, bir liderin xalqı ilə yaratdığı sarsılmaz vəhdətin təntənəsi kimi yaddaşlara həkk olunur. Son dövrlərdə aparılan ictimai rəy sorğuları da bu reallığı rəqəmlərlə təsdiqləyir: vətəndaşların 87.7 faizi Prezident İlham Əliyevə yüksək etimad göstərir, 93.6 faizi dövlət başçısının yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir, 81.9 faizi isə onu müasir Azərbaycanın alternativsiz siyasi lideri kimi görür. Bu rəqəmlər sadəcə statistik göstərici deyil, xalqın öz taleyini və gələcəyini əminliklə İlham Əliyevə etibar etməsinin ən bariz ifadəsidir.

Bu yüksək inamın təməlində dövlət başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət, milli maraqları hər şeydən uca tutaraq qətiyyətlə müdafiə etməsi dayanır. İlham Əliyevin hakimiyyəti illərində formalaşan bu nüfuz, onun öz gücünü yalnız xalqdan alması və hər bir qərarında xalqın iradəsini rəhbər tutması ilə şərtlənir. Böyük şəxsiyyəti, dəmir iradəsi və qətiyyətli lider xüsusiyyətləri ilə o, təkcə ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda nüfuz sahibi olaraq, Azərbaycanın qlobal arenada söz sahibi olan prinsipial dövlətə çevrilməsini təmin edib.

İqtisadi müstəqilliyini təmin edən, özünü təmin edən bir ölkədən bu gün regionun lider dövlətinə, dünyada müstəqil siyasət yürüdən mərkəzə çevrilən Azərbaycanın bu uğurları birbaşa dövlət başçısının strateji yanaşmasının nəticəsidir. Azərbaycanın hərtərəfli inkişafı, güclü iqtisadi potensialı və müasir ordusu dövlətimizi Cənubi Qafqazın əvəzedilməz aparıcı qüvvəsinə çevirib. Bu inkişaf tempi, ölkəmizin beynəlxalq nüfuzunu daha da artıraraq, onu qlobal səviyyədə öz sözünü deyən, prinsipial mövqeyə malik müstəqil bir siyasi mərkəz kimi tanıdıb.

Xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpası, xalqın dövlət başçısına olan inamını pik həddə çatdıran əsas amil oldu. Bu zəfər, həm də Azərbaycan ordusunun gücünü və liderin sarsılmaz iradəsini dünyaya nümayiş etdirdi. İşğaldan azad olunan torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı, dövlət başçısının verdiyi vədlərin və strateji hədəflərin reallaşdığının canlı sübutudur.

Müasir dünyada münaqişələrin, geosiyasi gərginliklərin və qarşıdurmaların tüğyan etdiyi, bir çox ölkələrin qeyri-sabitlik girdabına sürükləndiyi bir dövrdə, Azərbaycanda hökm sürən sabitlik və təhlükəsizlik mühiti də İlham Əliyevin yürütdüyü siyasətin ən böyük uğurlarındandır. İnsanların arxayınlığı, cəmiyyətdəki həmrəylik və inkişafa olan inam, liderin ölkəni ən çətin sınaqlardan uğurla çıxarmasının təzahürüdür. Bu gün Azərbaycan özünün ən şərəfli dövrünü yaşayır və bu dövrün memarı olan Prezident İlham Əliyev, xalqla lider arasında mövcud olan bu sarsılmaz bağla yeni hədəflərə doğru inamla irəliləyir.

Xalqın öz liderinə olan bu dərin ehtiramı, ölkənin gələcək uğurlarının təminatçısı və ən böyük mənəvi dayağıdır. İlham Əliyevin liderliyi altında Azərbaycan artıq sadəcə regional oyunçu deyil, qlobal proseslərin formalaşmasında yaxından iştirak edən, beynəlxalq hüquqa söykənən siyasəti ilə seçilən nüfuzlu bir dövlətdir. Bu yol, müstəqilliyimizin möhkəmlənməsinə, dövlətçiliyimizin əbədiyyətinə və xalqımızın rifahının yüksəlməsinə xidmət edən yeganə düzgün yoldur. Azərbaycan xalqı bu seçimi ilə öz gələcəyini, təhlükəsizliyini və tərəqqisini qorumağa davam edir.
Əli Səfərli,












