ABŞ və İran arasında regionda davam edən hərbi eskalasiyanı dayandıracaq sülh memorandumu ilə bağlı Ağ Evdən sensasion bəyanat gəlib. ABŞ Prezidenti Donald Tramp tərəflər arasında "böyük razılığın" əldə olunduğunu və sənədlərin tam hazır vəziyyətə gətirildiyini açıqlayıb.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri Ağ Evin Oval ofisində jurnalistlərin suallarını cavablandırarkən sazişin yaxın günlərdə imzalana biləcəyini diqqətə çatdırıb: "Biz sazişi imzalayacağıq və bu, çox tezliklə, bəlkə də bu həftəsonu Avropada baş tuta bilər. Mən şəxsən orada iştirak edə bilməyəcəyəm, lakin vitse-prezident Cey Di Vens və digər rəsmi şəxslər orada olacaqlar".
Jurnalistlərin danışıqların gedişatı və şərtləri ilə bağlı dəqiqləşdirici suallarına cavab verən Tramp, prosesin ən yüksək səviyyədə təsdiqləndiyini bildirib:
Müxbir: İranın Ali Rəhbəri bu sazişi bəyənibmi? > Tramp: Məndə olan məlumata görə, cavab bəlidir.
Müxbir: Bu saziş imzalandıqdan sonra ABŞ İrana qarşı tətbiq etdiyi dəniz və liman blokadasını dərhal götürəcəkmi? > Tramp: Bəli, bu, sazişin əsas şərtlərindən biridir.
Ağ Ev rəhbəri saziş rəsmiləşən kimi Hörmüz boğazının da beynəlxalq gəmiçilik üçün rəsmi olaraq yenidən açılacağını vurğulayıb. Siyasi analitiklər qeyd edirlər ki, rəsmi Tehranın (Fars agentliyi vasitəsilə) ilkin mətnləri təkzib etməsinə baxmayaraq, Trampın bu bəyanatı və ABŞ ordusunun planlaşdırılan yeni zərbələri təxirə salması pərdəarxası diplomatik danışıqların artıq yekun mərhələyə qədəm qoyduğundan xəbər verir. Razılaşma əsasən atəşkəsin uzadılmasını, dondurulmuş aktivlərin geri qaytarılması mexanizmini və Hörmüz boğazındakı böhranın həllini əhatə edir.
Sara
NOCOMMENT.az











