Ağ Evin 80 yaşlı rəhbəri Donald Trampın öz gümrahlığını fast-fud və sadə qidalarla əlaqələndirməsi qidalanma ekspertləri və cəmiyyət arasında böyük rezonans doğurub. ABŞ Prezidenti özünü yarım əsr əvvəlki kimi gənc və enerjili hiss etdiyini iddia edərək, qəbul etdiyimiz bir çox qidaların əslində faydasız olduğunu, bəlkə də ən doğru seçimin elə sürətli qidalar (fast-fud) olduğunu irəli sürüb. Özünü "qoz kimi" möhkəm adlandıran Tramp, pəhriz saxlayan və çəkisinə həddindən artıq diqqət yetirən bir çox insanın artıq həyatda olmadığını, özünün isə bu qidalanma tərzi ilə sağ-salamat qaldığını xüsusi vurğulayıb. Lakin bir dövlət başçısının fərdi orqanizm strukturuna əsaslanaraq belə bir tezis müdafiə etməsi tibbi baxımdan nə dərəcədə doğrudur? Hər gün hamburger və steyk yeyərək uzun ömür sürmək hamı üçün keçərlidirmi?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tanınmış dietoloq Nərgiz Şəfiyeva bildirib ki, Donald Trampın bu yanaşması elmi əsaslara tamamilə ziddir və kütlə üçün təhlükəli bir nümunə yaradır: "Bir insanın zərərli qidalanma vərdişlərinə rəğmən uzun yaşaması və özünü gümrah hiss etməsi tamamilə genetik faktorlar və bədənin fərdi dözümlülüyü ilə bağlıdır. Tibbdə buna 'sağ qalanın səhvi' (survivorship bias) deyilir. Yəni, Trampın orqanizminin trans yağlara və yüksək kaloriyə qarşı dözümlü olması, fast-fudun faydalı və ya zərərsiz olduğunu sübut etmir. Trans yağlar, yüksək natrium və rafinə olunmuş şəkərlə zəngin olan bu növ qidalar damarların tıxanmasına, piylənməyə və xroniki xəstəliklərə birbaşa yol açır. Dövlət rəsmilərinin belə açıqlamaları insanların qeyri-sağlam qidalanmanı normallaşdırmasına rəvac verməməlidir".
Onun sözlərinə görə, sağlam qidalanma prinsipləri hər kəsin fərdi ehtiyaclarına görə dəyişsə də, ümumi tibbi qanunlar hamı üçün eynidir: "Düzgün qidalanma anlayışı fərdə görə kalori və makroelement bölgüsü baxımından fərqlənə bilər, lakin heç bir halda fast-fud elementləri 'ən düzgün qida' kateqoriyasına aid edilə bilməz. Uzunmüddətli və keyfiyyətli ömür üçün orqanizmə təbii vitaminlər, liflər və təmiz zülallar daxil olmalıdır. Trampın pəhriz saxlayanları tənqid etməsinə gəlincə, qeyri-peşəkar və şok pəhrizlər həqiqətən orqanizmi sıradan çıxarır. Lakin bu o demək deyil ki, balanslı bəslənməni dayandırıb fast-fuda keçmək lazımdır. Hər gün sürətli qidalar qəbul edərək uzunmüddətli perspektivdə sağlam qalmaq milyonda bir nəfərə nəsib olan genetik bəxtdir, kütləvi qayda deyil".
Tunar,
NOCOMMENT.az












