İsveçrənin Bürgenştok şəhərində ABŞ və İran nümayəndə heyətləri arasında aparılan intensiv danışıqlar mühüm nəticələrlə yekunlaşıb. İranın xarici işlər naziri Abbas Əraqçı sosial şəbəkə hesabında Pakistan və Qətərin vasitəçiliyi ilə əldə olunan razılaşmaların detallarını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, razılaşmaya əsasən, İranın neft və neft-kimya məhsullarının ixracına tətbiq olunan sanksiyalar ləğv edilib, dəniz blokadası tamamilə aradan qaldırılıb və dondurulmuş aktivlərin bir hissəsi sərbəst buraxılıb. Bununla yanaşı, ölkənin yenidən qurulması üçün genişmiqyaslı iqtisadi inkişaf planı işə salınıb.
Livan cəbhəsində hərbi əməliyyatların dayandırılması istiqamətində də ciddi irəliləyiş əldə olunub və bu məqsədlə xüsusi birgə "qarşıdurmanı azaltma bölməsi" yaradılıb. Hörmüz boğazında təhlükəsiz keçidi təmin etmək üçün tərəflər arasında 60 günlük birbaşa kommunikasiya xətti qurulub.
Nazir Əraqçı bildirib ki, bu razılaşmaların ilk real sınağı Livandakı hərbi əməliyyatların dayandırılması mexanizminin effektivliyi olacaq və danışıqların 60 gün ərzində yekun sənədə çevrilməsi üçün texniki işçi qrupları fəaliyyətini davam etdirəcək. Qeyd etmək lazımdır ki, bəzi media orqanlarında İran nümayəndə heyətinin danışıqları tərk etməsi ilə bağlı ziddiyyətli xəbərlər yayılsa da, rəsmi mənbələr və vasitəçi ölkələr prosesin konstruktiv şəkildə davam etdiyini təsdiqləyiblər.
Əli Səfərli,
NOCOMMENT.az












