Ötən il əcnəbi və vətəndaşlığı olmayan 13 805 şəxs Azərbaycanda tələbə adını qazanıb. Bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.
NOCOMMENT.az xəbər verir ki, tələbə adını qazanan əcnəbilərdən 12 min 535 nəfəri bakalavriat, 1 105 nəfəri magistratura, 88 nəfəri tam orta təhsil bazasında orta ixtisas, 77 nəfəri isə ümumi orta təhsil bazasında orta ixtisas təhsili üzrə qəbul olunub.
DİM-in əvvəlki illər üzrə statistik məlumatları göstərir ki, son 5 ildə Azərbaycanda təhsil almaq üçün müraciət edən və qəbul olunan xarici vətəndaşların sayı sürətlə artıb.
2020/2021-ci tədris ilində ölkədə cəmi 739 əcnəbi və vətəndaşlığı olmayan şəxs tələbə adını qazanıb. 2021/2022 və 2022/2023-cü tədris illərində bu rəqəm 1 054 nəfər olub. 2023/2024-cü tədris ilində göstərici 2 978 nəfərə yüksəlib.
Artım xüsusilə son iki ildə daha sürətli olub. 2024/2025-ci tədris ilində əcnəbi tələbələrin sayı 8 min 582 nəfərə çatıb. Bir il sonra isə bu rəqəm 13 min 805 nəfərə yüksələrək yeni rekord qeydə alınıb.
Son beş ilin statistikası belədir:
2020/2021-ci tədris ili – 739 nəfər
2021/2022-ci tədris ili – 1 054 nəfər
2022/2023-cü tədris ili – 1 054 nəfər
2023/2024-cü tədris ili – 2 978 nəfər
2024/2025-ci tədris ili – 8 582 nəfər
2025/2026-cı tədris ili – 13 805 nəfər
Müqayisə göstərir ki, son beş ildə Azərbaycanda tələbə adını qazanan əcnəbilərin sayı təxminən 19 dəfə artıb. Bu tendensiya ölkənin ali təhsil müəssisələrinə xarici tələbələrin marağının yüksəldiyini, həmçinin Azərbaycanın beynəlxalq təhsil məkanı kimi cəlbediciliyinin artdığını göstərir.
Rəsmi statistika göstərir ki, Azərbaycanda təhsil alan xarici tələbələr arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024/2025-ci tədris ilində ölkənin ali təhsil müəssisələrində təhsil alan 7472 xarici tələbənin 3477-si Türkiyə vətəndaşı olub. Sonrakı yerlərdə isə Rusiya, Gürcüstan, İran, Pakistan, Hindistan, Suriya, Qazaxıstan və Çin vətəndaşları qərarlaşıb.











