Təbriz şəhərində yerli Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı İdarəsi 16 aprel 2026-cı il tarixində dünyaya gələn azərbaycanlı körpəyə "Elxan" adı ilə doğum şəhadətnaməsi verməkdən imtina edib. 79 gündür davam edən bu məhdudiyyət ailə üçün ciddi problemlər yaradıb.
NOCOMMENT.az xəbər verir ki, rəsmi qurum körpənin adını "xarici ad" kimi təsnif edərək, onu qeydiyyata almaqdan boyun qaçırır. Qurum valideynlərə yalnız "İlxan" variantını təklif etsə də, ailə "elin və tayfanın başçısı, hökmdarı" mənasını verən "Elxan" adında israrlıdır.
Valideynlər öz haqlarını qorumaq üçün məhkəməyə müraciət ediblər. Onlar sübut kimi daha əvvəl bu adla qeydiyyata alınmış şəxslərin sənədlərini təqdim etsələr də, hələlik bir nəticə əldə edə bilməyiblər.
Sənədləşmənin ləngiməsi körpənin sağlamlıq hüquqlarına da mənfi təsir göstərir. Doğum haqqında şəhadətnamə və milli identifikasiya nömrəsi olmadığı üçün uşaq peyvənd, tibbi sığorta və dövlət tərəfindən təmin olunan digər səhiyyə xidmətlərindən kənarda qalıb. Valideynlər bu vəziyyəti övladlarının milli-mədəni kimliyinin və ad seçimi hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirirlər.
Əli Səfərli,
NOCOMMENT.az











