Avropanın ən yaxşı və ən pis hava limanları açıqlanıb

Avropanın ən yaxşı və ən pis hava limanları açıqlanıb

Yay tətili mövsümünün başlanması ilə milyonlarla sərnişin səyahət planları qurarkən Avropadakı hava limanlarının performansını əks etdirən yeni reytinq açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, hava sərnişinlərinin hüquqlarını müdafiə edən AirHelp təşkilatının hazırladığı araşdırmada dünyanın 68 ölkəsindən 250 hava limanı qiymətləndirilib. Qiymətləndirmədə uçuşların vaxtında yerinə yetirilməsi, sərnişin məmnuniyyəti və xidmət keyfiyyəti əsas meyarlar olub.

Nəticələrə görə, Avropanın ən yaxşı hava limanı Norveçdə yerləşən Bergen Flesland Hava Limanı olub. O, həm də dakiklik göstəricisində liderlik edərək dünya üzrə 9-cu yerə yüksəlib. İspaniyanın Bilbao hava limanı və Norveçin Bodo və Oslo Gardermoen hava limanları da yüksək nəticələrlə ön sıralarda yer alıb.

Digər tərəfdən, siyahının ən aşağı pilləsində Yunanıstandakı Rodos Diagoras Hava Limanı qərarlaşıb və Avropanın ən zəif hava limanı seçilib. Böyük Britaniyadakı London Gatwick və Fransadakı Paris Şarl de Qoll hava limanları da aşağı göstəricilərlə diqqət çəkib.

Xüsusi kateqoriyalarda isə Lüksemburq Hava Limanı sərnişin məmnuniyyəti üzrə birinci olub. Amsterdam Schiphol Hava Limanı isə qida və içki xidmətlərinin keyfiyyətinə görə Avropada lider seçilib./Sfera.az/