Azərbaycan vətəndaşlarının olduğu gəmi dronla vuruldu - RƏSMİ

Azərbaycan vətəndaşlarının olduğu gəmi dronla vuruldu - RƏSMİ

14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşı olub.

Bildirilir ki, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb.

Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür.

Qeyd olunur ki, Azərbaycanın Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.