ABŞ-nin vitse-prezidenti C. D. Vens fevralın 9-dan 11-dək Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında yayımlanan məlumatda bildirilib.
NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Venslə birlikdə regiona ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Jacob Helberg də səfər edəcək.
ABŞ Dövlət Departamentində qeyd olunub ki, Ermənistan və Azərbaycana edilən bu səfər Prezident Donald Trampın sülh təşəbbüslərinə dəstək məqsədi daşıyır. Eyni zamanda, səfər “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adlı təşəbbüsün təşviqinə yönəlib.
Bildirilib ki, bu təşəbbüs regionda sabitliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli sülhün təmin olunmasına xidmət edir.
Daha əvvəl Agence France-Presse xəbər vermişdi ki, Cey Di Vens İtaliyanın Milan şəhərində keçiriləcək 2026-cı il Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək.
Məlumatda həmçinin qeyd olunub ki, Prezident Donald Tramp Vensə Ermənistan və Azərbaycan arasında sülh sazişinin hazırlanması ilə bağlı tapşırıq verib.
ABŞ tərəfi hesab edir ki, bu səfər Cənubi Qafqazda sülh prosesinin sürətləndirilməsinə və tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.
Sara












