Sabiq ABŞ prezidenti Co Bayden iyunun 27-də Merilend ştatının Hanover şəhərində keçirilən Demokratik Partiyanın tədbirində Donald Trampı sərt tənqid edib. Bayden öz çıxışında Trampı "açıq və küstəxancasına korrupsiya"da, prezidentlik səlahiyyətlərindən şəxsi varlanmaq üçün istifadə etməkdə və ABŞ-nin dünyadakı nüfuzunu sarsıtmaqda ittiham edib. Sabiq prezidentin fikrincə, Trampın Ağ Evə qayıtdıqdan sonra milyardlarla dollar qazanması ABŞ tarixində görünməmiş bir haldır və bu, bütün ölkə üçün utancvericidir.
NOCOMMENT.az xəbər verir ki, Bayden həmçinin Trampın idarəetmə üslubunu və onun "təmtəraqlı layihələr" adlandırdığı işlərini də hədəfə alıb. O, Ağ Evin Şərq qanadının sökülərək yerində ballı zal tikilməsini, Kennedi Mərkəzinə Trampın adının verilməsini və öz şərəfinə tağ ucaldılmasını tənqid edərək, bunları mənasız və narsist addımlar kimi qiymətləndirib. Bayden, xüsusilə Trampın Ağ Evdəki "güzgülü hovuzu" (reflecting pool) təmir etdirmək üçün öz hovuz ustasını işə götürməsinə istehza ilə yanaşaraq onu "uğursuz" adlandırıb.
Xarici siyasət məsələlərinə toxunan Bayden, Trampın NATO sistemini məqsədyönlü şəkildə dağıtmağa çalışdığını, ABŞ-nin müttəfiqlərinə qarşı Vladimir Putinə üstünlük verdiyini və ölkənin beynəlxalq nüfuzuna görünməmiş dərəcədə zərər vurduğunu bəyan edib. Sonda Bayden 6 yanvar hadisələrinə də münasibət bildirərək, Trampın vergi ödəyicilərinin pullarını Kapitoliyə basqın edən, polisə hücum edən və vitse-prezidenti hədəf alan şəxslərə vermək istəməsini sərt şəkildə qınayıb. O, bu şəxslərin kompensasiya deyil, uzunmüddətli həbs cəzasına layiq olduğunu vurğulayıb.
Sara,











