ABŞ prezidenti Donald Trampın son bəyanatlarında İranla münasibətdə sərt mövqeyini yenidən təkrarlayaraq rəsmi Tehranın heç vaxt nüvə silahı əldə etməməli olduğunu və buna dair qəti öhdəlik götürməsini tələb etməsi, ilk baxışda Vaşinqtonun "maksimum təzyiq" siyasətinin növbəti mərhələsi kimi görünür. Lakin İranın rəsmi mövqeyinə, uranın zənginləşdirilməsinin texniki reallıqlarına və danışıqların pərdəarxası siyasi məntiqinə daha yaxından nəzər saldıqda, prosesin fərqli və daha dəqiq hesablanmış bir dinamika üzrə inkişaf etdiyini müşahidə edirik. Trampın İranı nüvə silahı yaratmaq ambisiyasında ittiham etməsi hər hansı bir gizli etirafa və ya ABŞ-ın əlindəki konkret kəşfiyyat məlumatlarına əsaslanmır; bu kəskin bəyanatlar əslində yaxın gələcəkdə böyük bir diplomatik qələbə kimi təqdim edilə biləcək süni güzəşt elementinin formalaşdırılmasına xidmət edir. İllərdir rəsmi olaraq nüvə proqramının hərbi məqsədlər daşımadığını vurğulayan və ali dini rəhbərin kütləvi qırğın silahlarını haram buyuran fitvasına istinad edən İran üçün isə əsas məqsəd bomba istehsalı yox, tibbi və sənaye ehtiyacları üçün uranın təxminən 10% və ya daha aşağı səviyyədə zənginləşdirilməsi hüququnu qoruyub saxlamaqdır ki, bu da Tehranın danışıqlardakı əsas qırmızı xəttini təşkil edir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Əlimusa İbrahimov qeyd edib ki, Trampın bu strategiyası onun klassik razılıq əldə etmək və sövdələşmə (deal-making) üslubuna tam uyğundur və faktiki olaraq danışıqlar masasında güclü təzyiq mexanizmi yaradır: "Bir lider rəqibini hər hansı qadağan olunmuş arzuya sahib olmaqda israrla ittiham etdikdə və qarşı tərəf bunu davamlı inkar etdikdə, rəhbər sonradan həmin arzudan rəsmi və kağız üzərində imtina əldə etməsini böyük bir qələbə kimi ictimaiyyətə təqdim edə bilər. Biz yaxın mərhələdə Trampın məhz bu ssenari üzrə hərəkət edərək 'Mən İrandan nüvə silahı ambisiyalarından əl çəkməsini tələb etdim, müqavimət göstərsələr də, rəsmən bomba əldə etməyəcəklərinə söz verdilər və mən qazandım' bəyanatını səsləndirəcəyini görə bilərik. Burada əsas məqsəd real silahsızlanmadan ziyada, daxili və xarici auditoriya üçün diplomatik uğur görüntüsü yaratmaqdır".
Onun sözlərinə görə, gələcəkdə tərəflər arasında pərdəarxası gizli kanallar vasitəsilə dörd mərhələli real bir anlaşma modelinin qurulması tamamilə mümkündür: "İlk mərhələdə Tramp İranı gözlənilən nüvə təhlükəsi kimi təqdim edərək ictimai təzyiq qurur, ardınca Tehran öz dinc zənginləşdirmə hüququnu müdafiə edərək müqavimət nümayiş etdirir. Üçüncü mərhələdə qapalı qapılar arxasında elə bir formul tapılır ki, İran nüvə silahından imtina fitvasını beynəlxalq sənəddə təsdiqləyir, ABŞ isə bunun müqabilində Beynəlxalq Atom Enerjisi Agentliyinin ciddi nəzarəti altında Tehranın aşağı faizlərlə uran zənginləşdirmək hüququnu rəsmən tanıyır. Son nöqtədə isə Tramp sərt mövqeyinin İranı geri çəkilməyə məcbur etdiyini elan edərək böyük qələbəsini rəsmiləşdirir; daxildə isə iqtisadi müharibə və hərbi hücum təhdidləri dayandırılır".
Politoloq vurğulayıb ki, bu prosesdə gərginliyin azaldılması, sanksiyaların yüngülləşdirilməsi və dinc məqsədli zənginləşdirmə hüququnun saxlanılması müqabilində İran liderləri Trampın bəyanatlarında "məğlub" rolunu oynamağı səssizcə qəbul edə bilərlər: "Bu halda biz İranın hər hansı gizli proqramı etiraf etməsini və ya ABŞ-ın məxfi kəşfiyyat sənədlərini gözləməməliyik. Bunun əvəzinə iki məsələyə diqqət yetirilməlidir: tərəflərin birgə bəyanatında İranın öz daxili fitvasını təkrar etməsi, Trampın isə bunu 'tarixi imtina' kimi qələmə verməsi və texniki əlavədə rəsmi Tehranın tibbi-sənaye məqsədləri üçün 10%-ə qədər zənginləşdirmə şərtini ABŞ-a təsdiqlətməsidir. Göründüyü kimi, Trampın ittihamları əslində müharibəni bitirməyə və genişmiqyaslı danışıqlar prosesinə start verməyə hesablanmış diplomatik bəyanatlardır ki, bunun da sonunda hər iki tərəf özünü qalib hesab edə biləcək".
Tunar,












