Uşaqların heyvanlarla təması onların fiziki və emosional inkişafına müsbət təsir göstərsə də, bəzən bu ünsiyyət xoşagəlməz hadisələrlə nəticələnə bilir. Xüsusilə it və pişik cırmaqlamaları uşaqlar arasında tez-tez rast gəlinən hallardandır. Belə vəziyyətlərdə valideynlər çox vaxt necə davranmalı olduqlarını, hansı risklərin mövcud olduğunu və nə zaman həkimə müraciət etməli olduqlarını bilmirlər. Mövzunun aktuallığını nəzərə alaraq, pediatrla söhbətimizdə it və pişik cırmaqlamalarının uşaq sağlamlığına təsiri, ilk yardım qaydaları və mümkün fəsadlar barədə müzakirə apardıq.
Uşaqlarda it və pişik cırmaqlamalarının yaratdığı əsas risklər hansılardır?

Həkim pediatr Aytən İsmayılzadə NOCOMMENT.az-a açıqlamasında bildirib ki, it və ya pişik cırmaqlaması zamanı yaranın içinə torpaq hissəcikləri və müxtəlif mikroorqanizmlər düşə bilər. Bu mikroblar arasında tetanus törədiciləri də yer alır. Tetanus bakteriyaları əsasən torpaqda yaşayır və yara vasitəsilə orqanizmə daxil olduqda təhlükəli xəstəliyə səbəb ola bilər.
Qeyd olunub ki, tetanusa qarşı peyvənd uşaqlara erkən yaşlardan tətbiq olunur və uzunmüddətli qoruyuculuq təmin edir.
Quduzluq və tetanus riski nə vaxt yaranır?
Əgər uşaq peyvənd olunmayıbsa və torpaqla çirklənmiş predmet və ya heyvan cırmaqlaması nəticəsində zədələnibsə, həkim tərəfindən həm tetanus, həm də quduzluq profilaktikası nəzərdən keçirilə bilər.
A.İsmayılzadə bildirib ki, quduzluq riski xüsusilə küçə heyvanları ilə təmas zamanı qiymətləndirilməlidir. Əgər heyvan ev şəraitində saxlanılırsa, nəzarət altındadırsa və quduzluğa qarşı peyvənd olunubsa, əlavə müdaxiləyə ehtiyac olub-olmaması barədə qərar həkim tərəfindən verilir.
Həkim quduzluğa qarşı tətbiq edilən immunobioloji preparatların da müəyyən yan təsirləri ola biləcəyini vurğulayıb. Bunlara allergik reaksiyalar, inyeksiya yerində şişkinlik, qızartı, ağrı və digər yerli reaksiyalar daxildir.
Bundan əlavə, pişik cırmaqlaması nəticəsində Bartonella bakteriyası da keçə bilər. Bu zaman uşaqlarda hərarət, iştahsızlıq, qusma və yaxın limfa düyünlərinin böyüməsi müşahidə oluna bilər. Xəstəliyin əlamətləri bəzən hadisədən bir müddət sonra ortaya çıxır və diaqnoz laborator müayinələr vasitəsilə təsdiqlənir.
Uşaqlarda bu cür halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Pediatr valideynlərə tövsiyə edir ki, it və ya pişik cırmaqlaması zamanı ilk yardım kimi yara yeri dərhal axar su altında ən azı 10-15 dəqiqə yuyulsun. Bu, yaraya düşmüş mikroorqanizmlərin bir hissəsinin mexaniki şəkildə uzaqlaşdırılmasına kömək edir.
Daha sonra yara sahəsi xlorheksidin və ya betadin kimi antiseptik məhlullarla dezinfeksiya edilməlidir. Həkimin sözlərinə görə, vaxtında görülən tədbirlər stafilokok və streptokok kimi bakteriyaların törədə biləcəyi irinləmə, flegmona və digər ağırlaşmaların qarşısını almağa kömək edir.
A.İsmayılzadə vurğulayıb ki, uşaqların küçə heyvanları ilə nəzarətsiz təmasının qarşısı alınmalı, ev heyvanlarının isə mütəmadi olaraq peyvənd olunmasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, hər hansı cırmaqlama və ya dişləmə halından sonra yaranın vəziyyəti diqqətlə izlənilməli, qızartı, şişkinlik, irinləmə və ya hərarət kimi əlamətlər meydana çıxdıqda dərhal həkimə müraciət edilməlidir.
Gülər
NOCOMMENT.az












