ABŞ və İran arasında hərbi qarşıdurmanın coğrafiyası sürətlə genişlənir. Regionda yerləşən xarici hərbi bazalar və strateji infrastruktur obyektləri kütləvi raket və dron hücumlarına məruz qalıb.
NOCOMMENT.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay beynəlxalq hava limanının hərbi sektoruna, eləcə də ölkə ərazisindəki strateji hərbi obyektlərə ağır zərbələr endirdiyini bəyan edib. SEPAH-ın rəsmi mənbələrinin yaydığı məlumata görə, Dubay aeroportunun hərbi hissəsi ilə yanaşı, ABŞ və koalisiya qüvvələrinin yerləşdiyi "Əl-Dəfra", "Əl-Səfran" və "Əl-Minhad" hərbi bazaları da eyni vaxtda raket və pilotsuz uçuş aparatlarının (PUA) hədəfi olub.
Xatırladaq ki, iyunun 3-də yayılan ilkin informasiyalarda SEPAH-ın həmçinin Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına və region ölkələrindən birindəki Amerika aviabazasına da raket zərbələri endirdiyi bildirilmişdi. Son hücumlar Yaxın Şərqdəki hərbi gərginliyi tamamilə idarəolunmaz müstəviyə çıxarıb. Hücumların törətdiyi dağıntılar və tələfat barədə hələlik dəqiq məlumat verilmir.
Sara,
NOCOMMENT.az












