Rusiya Bakı və İrəvana qarşı təcili hərəkətə keçdi: Zəngəzur dəhlizi hədəfdə...

Rusiya Bakı və İrəvana qarşı təcili hərəkətə keçdi: Zəngəzur dəhlizi hədəfdə...

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sözçüsü Mariya Zaxarovanın Ermənistanın xarici siyasət kursu və regional proseslərlə bağlı səsləndirdiyi son kəskin bəyanatlar, Kremlin Cənubi Qafqazdakı geosiyasi rəqabətdə geri çəkilmək niyyətində olmadığını bir daha nümayiş etdirir. Zaxarova rəsmi İrəvanın Moskva ilə münasibətlərə dair açıqlamalarının onun real hərəkətləri ilə daban-dabana ziddiyyət təşkil etdiyini vurğulayaraq, Ermənistanın NATO ilə sürətli yaxınlaşmasının ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb. XİN sözçüsü regionda cərəyan edən bu proseslərin arxasında birbaşa ABŞ və Avropa İttifaqının Rusiyanı Cənubi Qafqazdan, xüsusilə də strateji əhəmiyyətli kommunikasiya xətlərindən tamamilə sıxışdırıb çıxarmaq planının dayandığını bəyan edib.

Moskvanın bölgədəki hərbi-siyasi mövcudluğunu qətiyyətlə müdafiə edən Zaxarova, Rusiyanın Cənubi Qafqazdan çıxmayacağını və çıxmaq niyyətində də olmadığını, bunun tarixi və coğrafi faktorlara görə qeyri-mümkünlüyünü vurğulamaqla yanaşı, Qərbin regiondakı maraqlarının uzunmüddətli olub-olmayacağının ciddi sual doğurduğunu hədəedici şəkildə qeyd edib. Bu açıqlamalar Kremlin Vaşinqtonun vasitəçiliyi ilə reallaşdırılması nəzərdə tutulan regional sülh və dəhliz layihələrinə qarşı hər an kəskin kontur-addımlar ata biləcəyinə dair bir xəbərdarlıq kimi qiymətləndirilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib ki, Mariya Zaxarovanın bu bəyanatı Ağ Evin regionda fəallaşan xarici siyasət strategiyasına və tərəfləri iyunda sənəd imzalamağa tələsdirən "Tramp ssenarisi"nə qarşı Moskvanın rəsmi etiraz notasıdır: "Rusiya aşkar şəkildə görür ki, Ermənistandakı 7 iyun seçkiləri ərəfəsində ABŞ və Avropa İttifaqı Paşinyan hakimiyyətinə həm daxili reytinq, həm də iqtisadi təhlükəsizlik vədləri verərək onu tamamilə öz çətiri altına çəkir. Zaxarovanın 'Biz regiondan çıxmayacağıq' deməsi sadəcə bəlağətli cümlə deyil; bu, Moskva tərəfindən həm İrəvana, həm də Vaşinqtona verilən kəskin xəbərdarlıq mesajıdır. Kreml Zəngəzur dəhlizinin açılması prosesində 10 noyabr bəyanatının müvafiq bəndinə istinad edərək həmin xəttə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd qoşunlarında qalmasında israr edir və bu imtiyazın onun əlindən alınaraq layihənin 'Tramp planı' çərçivəsində Qərbin nəzarətinə keçməsinə imkan verməyəcəyini nümayiş etdirir".

Onun sözlərinə görə, Rusiyanın bu kəskin və müqavimət dolu ritorikası regionda sülh danışıqlarının yekun mərhələsində gərginliyin daha da pik həddə çatacağını göstərir: "Qərb və xüsusən ABŞ administrasiyası Ermənistan üzərindən regional enerji və nəqliyyat-ticarət marşrutlarını təhlükəsiz formaya salıb, Moskvanı Cənubi Qafqazın logistik xəritəsindən tamamilə təcrid etməyə çalışır. Lakin Rusiyanın Ermənistan daxilində hələ də güclü iqtisadi rıçaqları, enerji inhisarı və hərbi bazası mövcuddur. Zaxarovanın Aİ və ABŞ-ın regiondakı fəaliyyətinin 'müvəqqəti' ola biləcəyinə dair eyhamı o anlama gəlir ki, əgər İrəvan Qərblə yaxınlaşmanı dayandırmasa, Moskva qaz qiymətlərini qaldırmaqdan və sərhəddə yeni eskalasiya riskləri formalaşdırmaqdan çəkinməyəcək. Azərbaycan isə bu böyük güclərin toqquşması fonunda öz milli təhlükəsizlik maraqlarını və Zəngəzur dəhlizi məsələsindəki qətiyyətli mövqeyini qorumaq üçün tamamilə müstəqil, balanslaşdırılmış və milli maraqlara söykənən çevik diplomatiya yürütməkdə davam edir".