Sakit okean hövzəsində yerləşən Filippinin cənubunda son illərin ən güclü və dağıdıcı zəlzələlərindən biri qeydə alınıb. Təbii fəlakət nəticəsində ciddi dağıntıların baş verdiyi, binaların uçduğu və regional səviyyədə sunami təhlükəsinin elan edildiyi bildirilir. Episentri yüz minlərlə əhalisi olan şəhərə yaxın qeydə alınan yeraltı təkanlar qonşu ölkələri də yüksək hazırlıq vəziyyətinə gətirib.
NOCOMMENT.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi və yerli aidiyyəti qurumların yaydığı rəsmi məlumata görə, yeraltı təkanların maqnitudası ilkin olaraq 8,1 bal gücündə qiymətləndirilib. Seysmoloji mərkəzin hesabatında qeyd olunur ki, dəhşətli yeraltı təkanların ocağı yerin təxminən 10 kilometr dərinliyində yerləşib.
Zəlzələnin episentri isə təxminən 679 min nəfərdən çox əhalisi olan iri sənaye və yaşayış mərkəzi — General-Santos şəhərindən cəmi 51-58 kilometr məsafədə, Mindanao adasının sahillərində qeydə alınıb. Güclü və uzunmüddətli təkanlar nəticəsində adada yerləşən bəzi binaların dözümlülük gətirməyərək uçduğu, infrastruktura ciddi ziyan dəydiyi bildirilir.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin ilkin rəsmi protokollarına və daxil olan ilk məlumatlara əsasən, təbii fəlakət nəticəsində artıq bir nəfər həyatını itirib, daha dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dağıntılar altında digər sakinlərin də qala biləcəyi ehtimalı nəzərə alınaraq, hadisə yerlərinə dərhal axtarış-xilasetmə qüvvələri cəlb olunub.
Zəlzələnin bilavasitə dəniz sahilində və okean akvatoriyasında baş verməsi səbəbindən Filippin rəsmiləri tərəfindən ölkədə dərhal sunami təhlükəsi elan edilib. Mütəxəssislər və okeanoloqlar xəbərdarlıq edirlər ki, təkanların gücü sahildə hündürlüyü 3 metrə çata biləcək nəhəng dalğaların çırpılmasına rəvac verə bilər.
Bu səbəbdən sahilboyu ərazilərdə yaşayan minlərlə dinc sakinin təcili olaraq daxili rayonlara, hündür sığınacaqlara və təhlükəsiz zonalara təxliyə edilməsi prosesinə start verilib. Üstəlik, regional seysmoloji təhdid qısa müddətdə qlobal miqyas alıb və ətraf dövlətləri də hərəkətə keçməyə məcbur edib. Aidiyyəti beynəlxalq qurumlar Filippinlə yanaşı, qonşu İndoneziya, Palau, Tayvan və Papua - Yeni Qvineya üçün də sunami təhlükəsinin mövcud olduğunu açıqlayıblar. Region dövlətləri potensial dalğaların qarşısını almaq üçün öz sahil mühafizə sistemlərini və təcili xidmətlərini yüksək hazırlıq vəziyyətinə gətiriblər. Filippin hakimiyyəti fəlakət bölgəsində strateji infrastruktura dəyən ziyanın tam miqyasını müəyyənləşdirmək, əhaliyə humanitar yardım çatdırmaq üçün operativ addımlar atır və bölgədən yeni məlumatlar daxil olduqca təqdim ediləcək.
Əli Səfərli,
NOCOMMENT.az










