“Bizim fəaliyyətimiz həmişə yüksək qiymətləndirilib. Bura şəffaf və təmiz bir müəssisədir. Mən rektorlar arasında təhsil işçisi olan yeganə adamam. İndi isə belə şeyləri gətirib mənə calamaq istəyirlər. Bir vaxtlar işləməyimizi məsləhət görürdülər. Görünür, indi də məsləhət bilmirlər”.
NOCOMMENT.az xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Bakı Qızlar Universitetinin (BQU) təsisçisi, pedaqoji elmlər doktoru, professor Ağarəhim Rəhimov deyib.
O, “Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin BQU-nu akkreditasiyadan keçirməməsi ali məktəbin bağlanması deməkdirmi” sualına belə cavab verib:
“Elə söhbətdən də bundan gedir. Düzü, məsələdən xəbərdar deyiləm. Çünki səhhətimdə ciddi problemlər var, 6 aydır xəstəlikdən əziyyət çəkirəm, əməliyyat olunmuşam. Ona görə də vəziyyətlə maraqlana bilmirəm. Amma Bakı Qızlar Universitetinin bağlanmasını ağlıma belə gətirə bilmirəm. Ona görə ki, mənim fəaliyyətim fəaliyyət olub. Hamımız Azərbaycanda yaşayırıq. Ölkəmizdə elə universitetlər olub, indi də var, elan edirlər, hamı görür nə işlərlə məşğul olurlar. Bir nəfər gəlib desin ki, 35 ildə Bakı Qızlar Universitetində bir dənə qeyri-şəffaflıq olub, rüşvət alınıb, korrupsiyaya yol verilib. Allah eləməsin, Allah eləməsin, əxlaqsızlıq olub. Bura qızlar məktəbidir və həmişə haqqında yüksək fikir deyilib. İndi görünür dostlarımız, həmkarlarımız məsləhət bilmirlər da. Mən onlara nə deyim? Çox qəribədir. Niyə? Mən də bunu bilmirəm”.
A.Rəhimovun sözlərinə görə, ötən il Bakı Qızlar Universitetinə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə qəbul yeri ayrılmayıb.
“Bəs niyə bura daxil edirlər? “Məktəbəqədər təhsil” ixtisası üzrə də qəbul yeri verməyəcəklərini deyirdilər. Bizə bildirmişdilər ki, onu başqası ilə əvəz edin. Onu da yerinə yetirdik. Bir məsələ var, ağ südə diqqətlə baxanda qara tapmaq olar. Ancaq o demək deyil ki, bu məsələlər həddini aşsın. Mən universitetimizdə bir dənə də nöqsan görmürəm. Vaxtilə gəlib yoxlama aparıblar, çatışmayan tərəflərə düzəlişlər veriblər. İndi də belə. Ona görə də nə edəcəyimi bilmirəm. Əgər Bakı Qızlar Universitetinin işi yaxşı deyildisə, layiqli ali məktəb deyildisə, niyə 35 il fəaliyyətinə icazə verilirdi? Bizə bir dəfə də olsun, irad tutulmayıb. Belə bir vəziyyətdə mən bunu edən adamlara, arxasında duranlara nə deyim? Axı, heç onları tanımıram da”.
Universitetdəki ixtisasların ləğvi və ya əvəzlənməsi ilə bağlı məsələlərə toxunan təsisçi vurğulayıb ki, ötən ilin aprel ayında ali məktəbdə akkreditasiya yoxlaması aparılıb və müvafiq tapşırıqlar verilib:
“Keçən ilin aprelində gəlib yoxlama apardılar, bu ilin aprelində nəticələri göndərdilər. Həmin vaxt tapşırıq verdim ki, orada nə düzəlməli məsələlər varsa, hamısını qaydaya salsınlar. Əməkdaşlarımız da oturub işlədilər, nöqsanları əsaslandırıb düzəlişlər etdilər. Mənə gələn son məlumata görə, bu düzəliş prosesi indi də gedirdi. İbtidai sinif və məktəbəqədər təhsil ixtisasları ilə bağlı da deyilənləri yerinə yetirmişdik. Əgər proses düzəlirdisə, indi bu qərara nə ehtiyac var idi? Anlamıram”.
A.Rəhimov universitetin rəhbərliyinə qızını təyin etməsinə də aydınlıq gətirərək, bu addımı müəssisədə şəffaflığı qorumaq üçün atdığını deyib:
“Mən Qızlar Universitetində qızımı rektor postuna ona görə qoymuşam ki, hər şey etibarlı olsun. Nədə etibarlı olsun? Xoşagəlməyən hallara, rüşvətə qarşı mübarizəni mənə doğma olan insandan artıq kim ürəklə apara bilər? Etibar eləmişəm və etibarım da doğrulub. Mən özüm 123 kitabın müəllifiyəm, bunlardan 52-si məhz pedaqoji təhsilin inkişafına həsr olunub. Elm və Təhsil Nazirliyindən də şəxsi olaraq heç kimi tanımıram, heç kimlə də ədavətim, münaqişəm və ya söhbətim olmayıb”.
Universitetin tələbə kontingentindən söz açan təsisçi bildirib ki, ali məktəbin fəaliyyəti hər zaman normal axarda davam edib:
“Ötən il bizə təqribən 500 tələbə qəbulu verilmişdi. Hazırda universitetdə ümumilikdə 1600-ə yaxın tələbə təhsil alır. Bu il məzun olanların sayı 600-ə yaxındır. Bizim tələbələrlə münasibətimiz hər zaman son dərəcə yaxşı olub”.
Ağarəhim Rəhimov sonda qeyd edib ki, səhhəti imkan verdikcə və rəsmi sənədlərlə tam tanış olduqdan sonra növbəti addımlarını müəyyənləşdirəcəklər.











