Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Xabarovskda dövlət orqanlarının nümayəndələrinə, eləcə də Kabardin-Balkar Respublikasında polis əməkdaşlarına qarşı planlaşdırılan terror aktlarının qarşısını alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a FSB-nin İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.
Bildirilib ki, FSB İstintaq Komitəsi ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qeyd olunan regionlarda terror aktlarının hazırlanması ifşa olunub.
FTX-nin məlumatına görə, hücumlar yandırıcı maddələr və əl istehsalı partlayıcı qurğulardan istifadə edilməklə planlaşdırılıb. Əməliyyat zamanı terror təşkilatlarının xaricdən verdiyi göstərişlər əsasında hərəkət edən iki nəfər saxlanılıb. Onlardan biri 1995-ci il təvəllüdlü Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olub və Xabarovsk diyarında inzibati binanı yandırmağı planlaşdırıb. Digəri isə 2009-cu il təvəllüdlü Kabardin-Balkariya sakini olub və Nalçik şəhərində polis əməkdaşlarına qarşı hücum hazırlayıb.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun TASS-a verdiyi məlumata görə, Nalçikdə saxlanılan 16 yaşlı yeniyetmə barəsində həbs qətimkan tədbiri seçilib.
FTX-nin açıqlamasında qeyd olunub ki, saxlanılan şəxslər partlayıcı və yandırıcı qurğuları, o cümlədən Telegram messenceri vasitəsilə əldə etdikləri təlimatlar əsasında hazırlayıblar. Onların mobil telefonlarında Rusiyada qadağan olunmuş terror təşkilatlarının üzvləri ilə “Telegram” üzərindən aparılmış yazışmalar aşkarlanıb.
Petrenkonun sözlərinə görə, KBR-də saxlanılan yeniyetmə 2025-ci ilin oktyabrında terror təşkilatının liderlərinə ünvanlanan video müraciət qeydə alıb və həmin təşkilatın üzvü olub. O, Nalçikdə polis əməkdaşlarına qarşı terror aktı hazırlamaq üçün partlayıcı qurğunun hazırlanmasında lazım olan komponentləri alıb və açıq mənbələrdən video təlimatlar yükləyib.
Yeniyetməyə qarşı Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi (terror təşkilatının fəaliyyətində iştirak) və 205-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə birlikdə 30-cu maddənin 3-cü hissəsi (mütəşəkkil qrup halında terror aktının törədilməsinə hazırlıq) üzrə ittiham irəli sürülüb.











