İran azərbaycanlı dissident, ABŞ-da fəaliyyət göstərən Günaz TV kanalının rəhbəri Əhməd Obalı İsrailə müraciət edərək Cənubi Azərbaycanda və İranda yaşayan digər etnik qrupların mübarizəsinə dəstək göstərilməsini istəyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzetində dərc olunan məqalədə məlumat verilib. Məqalədə Obalı İsraili İranda mövcud siyasi sistemə qarşı çıxan xalqların və ictimai qrupların mübarizəsinə dəstək verməyə çağırıb.
Əhməd Obalı yazısında bildirib ki, İranda son dövrlərdə tələbələr universitet şəhərciklərində etiraz aksiyaları keçirirlər. Onun sözlərinə görə, ötən ilin dekabr və yanvar aylarında baş verən sərt repressiyalara baxmayaraq tələbələr etirazlarını davam etdirirlər. O qeyd edib ki, bu tələbələr İranın gələcəyini formalaşdıracaq nəsildir və onların səslərinin eşidilməsi vacibdir.
Obalı məqaləsində vurğulayıb ki, İran çoxmillətli ölkədir və əhalinin böyük hissəsi etnik baxımdan fars deyil. Onun sözlərinə görə, keçmiş xarici işlər naziri Əli Əkbər Salehi Cənubi Azərbaycan türklərinin ölkə əhalisinin təxminən 40 faizini təşkil etdiyini bildirmişdi.
O həmçinin qeyd edib ki, İranın sabiq təhsil naziri Həmid-Rza Hacı Babai ölkədə təhsil alan şagirdlərin böyük hissəsinin ana dilinin fars dili olmadığını bildirmişdi. Obalının sözlərinə görə, bu fakt İran cəmiyyətinin çoxmillətli strukturunu göstərir və ölkənin gələcəyi ilə bağlı müzakirələrdə qeyri-fars xalqların narazılıqları nəzərə alınmalıdır.
Dissident yazısında bildirib ki, İranda yaşayan müxtəlif etnik qruplar siyasi və mədəni hüquqların genişləndirilməsini tələb edir və bu məsələlər ölkənin gələcək siyasi quruluşunun müəyyənləşdirilməsində mühüm rol oynaya bilər.
Sara












