İranın neft strategiyasında "anbar" manevri: Təhlükəli gediş

İranın neft strategiyasında "anbar" manevri: Təhlükəli gediş

“TankerTrackers” xidmətinin son hesabatı İranın neft sektoruna dair yayılan bəzi iddiaları alt-üst edib. Belə ki, İranın neft ehtiyatlarının yaxın gələcəkdə tam dolacağı və bunun hasilatın məcburi şəkildə dayanmasına səbəb olacağı barədə xəbərlər mütəxəssislər tərəfindən təkzib olunur.

NOCOMMENT.az “Tasnim”ə istinadən xəbər verir ki, mütəxəssislər tez-tez təkrarlanan "anbarların dolması" ssenarisinin yanlış olduğunu vurğulayırlar. Təhlillər göstərir ki, neft bazarındakı mürəkkəb geosiyasi vəziyyətə və tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, rəsmi Tehranın manevr imkanları hələ də kifayət qədər genişdir. Analitiklər qeyd edirlər ki, hətta Donald Trampın prezidentliyinin ilk dövründəki ağır sanksiyalar zamanı belə, İran gündəlik hasilatı 2 milyon bareldən aşağı salmağı bacarmışdı. Hesabatda vurğulanır ki, rəsmi Tehran hasil edilən bu həcmdə nefti anbarlarda saxlamağa ehtiyac duymadan, tam şəkildə daxili istehlak üçün emal etmək və fərqli kanallarla realizə etmək potensialına malikdir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, İranın neft strategiyası uzun illərdir sanksiyalar altında formalaşdığı üçün onların bu tip böhranlara qarşı "immuniteti" var: "İranın neft anbarlarının dolması və hasilatın dayanması ilə bağlı xəbərlər daha çox siyasi təzyiq rıçağı kimi istifadə olunur. Reallıqda isə İranın həm daxili emal gücü, həm də nefti müxtəlif yollarla dünya bazarına çıxarmaq təcrübəsi kifayət qədərdir. Onlar hasilatı sanksiya dövrlərinə uyğun tənzimləməyi və daxili tələbatı ödəmək üçün neft emalı zavodlarını tam gücü ilə işlətməyi öyrəniblər. Bu səbəbdən hasilatın tam dayanması real görünmür".

Ekspert həmçinin bu proseslərin Azərbaycan neftinin qiymətinə təsirini də şərh edib: "Dünya bazarında, xüsusən də Hörmüz boğazı ətrafında yaranan istənilən gərginlik və İranın hasilatına dair qeyri-müəyyənlik neft qiymətlərini yuxarı çəkən əsas amildir. Hazırda 'Azeri Light' neftinin qiyməti dünya bazarında yüksək səviyyədə — təxminən 120-122 dollar civarında qərarlaşıb. İran ətrafındakı bu xəbərlər və mümkün hərbi risklər neftin qiymətini 'süni' də olsa baha saxlayır. Bu, Azərbaycanın büdcə gəlirləri üçün qısamüddətli dövrdə müsbət haldır, çünki bizim büdcədə neftin qiyməti cəmi 65 dollardan götürülüb. Lakin yadda saxlamaq lazımdır ki, neftin həddindən artıq bahalaşması qlobal inflyasiyanı tətikləyir və bu da idxal vasitəsilə bizim daxili bazara qiymət artımı kimi qayıdır. Odur ki, neftin bahalaşması bizə bir tərəfdən valyuta axını gətirsə də, digər tərəfdən bahalaşma riskləri yaradır".

Bizim Telegram səhifəsinə abunə olun