İranın silah istehsalının 84 faizi məhv edilib -Trampdan AÇIQLAMA - VİDEO

İranın silah istehsalının 84 faizi məhv edilib -Trampdan AÇIQLAMA - VİDEO

ABŞ Prezidenti Donald Tramp İranın silah istehsalı potensialının böyük hissəsinin sıradan çıxarıldığını iddia edib. "Newsmax" telekanalına müsahibəsində danışan Tramp bildirib ki, İran silah istehsal etmək qabiliyyətinin təxminən 84 faizini itirib.

NOCOMMENT.az xəbər verir ki, Prezident eyni zamanda ABŞ-ın İrandakı "Pikaks" dağını hədəf aldığını açıqlayıb. "The Hugh Hewitt Show"ya verdiyi müsahibədə Tramp qeyd edib: "Biz Pikaks dağını məhv edəcəyik. İranlılara hazır olmalarını deyin.

Pikaks dağını diqqətlə izləyirik. Onların nüvə vəziyyəti ilə bağlı işləri yaxşı getmir. Hər dəfə bu barədə nəsə eşidəndə onu partladırıq. Ona görə də onlar bu barədə danışmağı xoşlamırlar. Yəqin ki, tezliklə Pikaks dağına zərbə endirəcəyik".

Vaşinqton ilə Tehran arasında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasına baxmayaraq, Donald Tramp hələ də razılaşmanın mümkün olduğunu vurğulayıb. Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Prezident, mövcud gərginliyə rəğmən iki ölkə arasında diplomatik razılığın əldə olunması ehtimalının qaldığını bildirib.

Bundan əlavə, ABŞ Prezidenti Vaşinqtonun Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına görə müttəfiqlərindən kompensasiya almağı məqsədəuyğun hesab etdiyini diqqətə çatdırıb. "Mən kompensasiya almaq istəyirəm, çünki biz dünyanın ən varlı bölgələrindən birini qoruyuruq. Biz buna vəsait xərcləyirik", – deyə o bildirib.

Trampın sözlərinə görə, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi tərəfdaş ölkələrin qorunması üçün ABŞ-nin göstərdiyi səylərə görə ədalətli kompensasiya tələb etməsi vacibdir. ABŞ Prezidenti daha əvvəl boğazdan daşınan yüklərin dəyərinin 20 faizi həcmində kompensasiya alınmasını təklif etmişdi.

Qeyd edək ki, dünya üzrə neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz tədarükünün isə təxminən 20 faizi məhz Hörmüz boğazı vasitəsilə həyata keçirilir.