Rusiya Federasiyasının xarici siyasət idarəsində ciddi kadr dəyişikliyinin baş verdiyi və xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən istefa verdiyi barədə iddialar gündəmi zəbt edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatlar ilk olaraq xarici və Rusiya yerli mediasında, həmçinin sosial şəbəkələrin müvafiq seqmentlərində sürətlə yayılmağa başlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sözçüsü Mariya Zaxarova dərhal məsələyə reaksiya verərək, nazir Sergey Lavrovun istefası ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib və bu iddiaların tamamilə yalan olduğunu bildirib.
Mariya Zaxarovanın sözlərinə görə, nazirin mümkün istefası ilə bağlı ortaya atılan şayiələr düşmənlər tərəfindən məqsədli şəkildə yayılan təxribatçı xarakterli məlumatlardır. Rəsmi nümayəndə rəhbərinin fəaliyyətini yüksək qiymətləndirərək bu sözləri əlavə edib:
"Sizdən xahiş edirəm, bu cür şayiələrə inanmayın. O, əla diplomat və liderdir. Sergey Lavrov öz ölkəsinin rifahı naminə rəisinin göstərişləri ilə fəaliyyətini qətiyyətlə davam etdirir".
Qeyd edək ki, təcrübəli diplomat Sergey Lavrov 9 mart 2004-cü ildən bəri, yəni 22 ildir ki, fasiləsiz olaraq Rusiyanın xarici işlər naziri vəzifəsində çalışır və ölkənin xarici siyasət kursunun formalaşmasında əsas simalardan biri hesab olunur.
Sara











