Fransa Prezidenti Emmanuel Makron X sosial şəbəkəsində ölkəsinin hibrid müharibəyə hazır olduğunu açıqlayıb.
Onun sözlərinə görə, bu qərara səbəb Rusiyanın mövqeyinin əvvəlkindən daha aqressiv olmasıdır. Bildirilib ki, yaxın günlərdə ətraflı məlumat veriləcək.
Eyni zamanda Fransa prezidenti Emmanuel Makron gələn ilin yayından etibarən ölkədə könüllü hərbi xidmətin tətbiq ediləcəyini açıqlayıb.
Məlumata görə, ilk ildə 2-3 min nəfərin könüllü orduya yollanması gözlənilir. Uzunmüddətli perspektivdə isə ildə 50 min nəfərin hərbi xidmətə cəlb olunması planlaşdırılır. Fransa lideri bunun sırf könüllü hərbi xidmət olduğunu da vurğulayıb. Könüllülərdən ibarət ordunun əsasını plana uyğun olaraq, 18 və 19 yaşlı gənclər təşkil edəcəklər. Makron bildirib ki, vətən uğrunda ayağa qalxmağa hazır olan nəsil var.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, müasir dövrün əsas fərqlərindən biri müharibənin artıq yalnız silah və döyüş meydanında aparılmaması, çoxşaxəli xarakter almasıdır:
“Bu gün “hibrid savaş” dedikdə təkcə silah, sursat və hərbi əməliyyatlar nəzərdə tutulmur. Buraya psixoloji savaş, texnoloji təzyiq, ideoloji təbliğat və informasiya manipulyasiyaları da daxildir. Müharibə müxtəlif yönlərdən aparılır. Rusiya uzun illərdir postsovet məkanında, eləcə də artıq Avropa ölkələrində hibrit müharibə taktikasından istifadə edir. Son 20 ildə Rusiya enerji resurslarından əldə etdiyi böyük maliyyənin bir hissəsini məhz bu cür savaşların qurulmasına yönəldib. Avropada, xüsusilə də Qərbi Avropada bir çox siyasətçilər, media nümayəndələri, ictimai fəallar rus kəşfiyyatı ilə əlaqələr qurub və zaman-zaman Moskvanın maraqlarına xidmət edən fəaliyyətlər göstərib”.
Oqtay Qasımov əlavə edib ki, Rusiya enerji şirkətlərində, Rosneft, Qazprom və digərlərində Avropanın tanınmış siyasətçilərinin yüksək maaşlı vəzifələrə gətirilməsi də hibrid müharibənin tərkib hissəsi kimi qiymətləndirilir:
“Almaniyanın keçmiş kansleri, bir sıra keçmiş nazirlər, Avstriyanın sabiq xarici işlər naziri və digər şəxslərin Rusiyada yüksək mövqelərə gətirilməsi təsadüfi deyildi. Bu, Rusiyanın Avropa siyasətinə müdaxilə strategiyasının elementlərindən biri idi. Ukrayna-Rusiya müharibəsi başlayanda Qərbdə Moskvanın mövqeyini müdafiə edən çoxsaylı fiqurların çıxışları da bunu açıq şəkildə göstərdi. Makronun bu açıqlaması məhz Rusiyanın uzunmüddətli və çoxqatlı təsir mexanizmlərinə işarə edir və Fransanın bu cür təhlükələrə hazır olmasının vacibliyinə diqqət çəkir.












