Neftin qiyməti 119 dolları keçdi – Nələr olacaq? 

Neftin qiyməti 119 dolları keçdi – Nələr olacaq? 

Son günlər Yaxın Şərqdəki hərbi əməliyyatlar neft bazarını ciddi şəkildə təsirləndirib və dünya enerji bazarında yeni qeyri-sabitlik yaradıb. Regiondan neft təchizatının böyük hissəsi bloklanıb, əsasən Hörmüz boğazının faktiki bağlanması səbəbindən əsas ixrac kanalları işlək vəziyyətdə deyil. Eyni zamanda, böyük neft istehsalçıları hasilatı azaltmağa məcbur olurlar, çünki anbarlarda saxlanılan ehtiyatlar sürətlə dolur və əlavə hasilat üçün yer qalmayıb.

NOCOMMENT.az xəbər verir ki, Londonda ICE Futures birjasında Brent markalı neftin may fyuçersləri Bakı vaxtı ilə saat 08:30-da 116,83 dollar/barel səviyyəsinə çatıb. Bu qiymət əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən 24,14 dollar, yəni 26,04% yüksəkdir. Cümə günü isə Brent fyuçersləri 7,28 qdollar (8,5%) artaraq 92,69 dollar/barel olmuşdu.

Eyni zamanda, Nyu-York Mal Birjasında (NYMEX) aprel fyuçersləri üzrə WTI markalı neft 24,91 dollar, yəni 27,4% artaraq 115,81 dollar/barel təşkil edib. Əvvəlki sessiyada WTI qiyməti 9,89 dollar (12,2%) artaraq 90,9 dollar/barel səviyyəsinə çatmışdı.

İqtisadçı ekspert Əkrəm Həsənov NOCOMMENT.az-a şərhində bildirib ki, bu artım həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə qlobal enerji bazarına ciddi təsir göstərə bilər.

Əkrəm Həsənov

Onun sözlərinə görə, neftin qiymətinin 100 dollar həddini keçməsi təkcə enerji idxal edən ölkələr üçün deyil, həm də istehlakçı ölkələrdə inflyasiya təzyiqini artırır və iqtisadi sabitliyi sarsıda bilər.

Ə.Həsənov əlavə edib ki, Hörmüz boğazının bloklanması faktiki olaraq ticarət kəmərini bağlayır və bu, neft tədarükünün dünya bazarında qeyri-müəyyənliyini artırır:

“İstehsalçı ölkələr hasilatı azaltmaq məcburiyyətindədir, ancaq tələbat yüksək qalır. Bu isə qiymətlərin daha da artmasına səbəb olacaq. Əgər bu proses uzun müddət davam edərsə, yalnız enerji bazarında deyil, qlobal iqtisadiyyatda da ciddi gərginlik yaranacaq”.

Ekspert həmçinin qeyd edib ki, bu vəziyyət ABŞ, Avropa və Asiya ölkələri üçün strateji ehtiyatların artırılması və enerji siyasətinin yenidən nəzərdən keçirilməsi tələb edir. Onun fikrincə, yaxın aylarda neft bazarında dalğalanmalar hələ davam edəcək və investorlar üçün proqnoz vermək çətin olacaq:

“Yaxın Şərqdəki hərbi gərginlik və Hörmüz boğazının məhdud fəaliyyəti dünya neft bazarında qeyri-sabitliyi artırır və qiymətlərin 120 dollar/barel həddini sınaması mümkündür. Bu isə həm qlobal iqtisadi göstəricilərə, həm də ölkələrdə inflyasiyaya birbaşa təsir göstərir”.

Tunar
NOCOMMENT.az

Bizim Telegram səhifəsinə abunə olun